Kuşner: Rusiya-NATO əməkdaşlığı yeni təhlükəsizlik sistemində rol oynaya bilər
Rusiya ilə NATO arasında münasibətlərin gələcək perspektivləri və Avropada təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması məsələsi beynəlxalq gündəmdə müzakirə mövzusu olaraq qalır. Ukrayna müharibəsindən sonrakı dövrdə regional təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında dialoqun bərpası və mövcud beynəlxalq mexanizmlərin yenidən işə salınması ehtimalı diqqət çəkir. Bu kontekstdə Kuşner Rusiya-NATO Şurasının Avropada yeni təhlükəsizlik sisteminin formalaşdırılması prosesində mühüm rol oynaya biləcəyini bildirib. Onun fikrincə, münaqişədən sonrakı mərhələdə Avropanın təhlükəsizliyinin təmin olunmasında mövcud beynəlxalq mexanizmlərdən istifadə etmək mümkündür.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya ilə NATO arasında dialoqun bərpası tərəflər arasındakı gərginliyin azaldılması baxımından müəyyən imkanlar yarada bilər:
“Çünki tərəflər arasında birbaşa kommunikasiya kanallarının mövcudluğu hərbi insidentlərin qarşısının alınmasına və yanlış hesablamaların minimuma endirilməsinə kömək edə bilər. Lakin dialoqun bərpası avtomatik olaraq qarşılıqlı etimadın yaranması demək deyil”.
Politoloq qeyd edib ki, Ukrayna müharibəsi, NATO-nun şərq cinahının təhlükəsizliyi və Rusiyanın Avropa ilə bağlı tələbləri tərəflər arasında əsas fikir ayrılıqları olaraq qalır. Onun sözlərinə görə, burada əsas məsələ yeni təhlükəsizlik sisteminin yalnız Rusiya və ABŞ arasında razılaşdırılmamasıdır. Avropa ölkələrinin və Ukraynanın da bu prosesdə iştirakı vacibdir. Əks halda, əldə olunacaq razılaşmaların legitimliyi və dayanıqlılığı sual altında qala bilər:
“Rusiya-NATO Şurasının fəaliyyətinin bərpası mümkün dialoqun başlanğıcı ola bilər. Lakin Avropada davamlı sülhün təmin edilməsi üçün qarşılıqlı öhdəliklərə, beynəlxalq hüquqa və bütün tərəflərin təhlükəsizlik maraqlarına hörmətlə yanaşılmalıdır”.
Aynur Əhmədli