00:00:00
Yazar
Zəhra Həsənova
20.11.2026 21:48 33 2 dəq oxuma
Siyasət

İran ABŞ-nin Avropadakı hərbi obyektlərini vurmaq qabiliyyətinə malik olduğunu açıqlayıb

İran ABŞ-nin Avropadakı hərbi obyektlərini vurmaq qabiliyyətinə malik olduğunu açıqlayıb

İran ABŞ-nin Avropadakı hərbi bazalarını potensial hədəf ala biləcəyini bəyan edib. SEPAH rəsmisi İran raketlərinin uçuş məsafəsinin 4 500 kilometrə çata bildiyini bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib ki, İranın Avropadakı ABŞ bazalarını hədəfə almaqla bağlı bəyanatı qarşıdurmanın coğrafiyasının genişlənməsi riskini artırır.

 

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hüseyn Möhəbbinin ABŞ-nin Avropadakı hərbi bazalarının da İranın mümkün hədəfləri sırasında ola biləcəyini bildirməsi Yaxın Şərqdəki qarşıdurmanın coğrafi miqyasının genişlənməsi ilə bağlı narahatlıqları artırır. İran tərəfinin bəyanatına görə, ölkənin ali rəhbərliyi müvafiq qərar verəcəyi təqdirdə, Tehran hərbi əməliyyatları coğrafi məhdudiyyət olmadan həyata keçirmək imkanına malikdir. Xüsusilə İranın əvvəlki 2000 kilometrlik raket mənzili məhdudiyyətini aradan qaldırdığını bildirməsi bu açıqlamaya əlavə strateji məzmun verir”. 

 

Ekspert qeyd edir ki, İranın hərbi imkanlarını genişləndirməsi ilk növbədə beynəlxalq təcrid şəraitində öz təhlükəsizlik təminatlarını gücləndirmək və ABŞ ilə münasibətlərdə çəkindirmə potensialını artırmaq məqsədi daşıyır. Tehran hesab edir ki, onun hərbi infrastrukturuna qarşı mümkün hücumların coğrafiyasını genişləndirmək barədə xəbərdarlıq Vaşinqtonun qərarlarına təsir göstərə bilər.

 

Siyasi şərhçi hesab edir ki,  bu siyasətin ikili nəticələri var. Bir tərəfdən, hərbi imkanların nümayiş etdirilməsi İranın danışıqlardakı mövqeyini gücləndirmək vasitəsinə çevrilə bilər. Digər tərəfdən isə Avropa ölkələrinə yönələn təhdidlər həmin dövlətlərin Tehrana qarşı mövqeyini sərtləşdirə, əlavə sanksiyalara və siyasi təcridin dərinləşməsinə və ən əsası da onların da ABŞ ilə birgə İrana qarşı əməliyyatlarına səbəb ola bilər.

 

Rəşad Bayramovun sözlərinə görə, ABŞ-nin Almaniya, İtaliya, Böyük Britaniya və digər Avropa ölkələrində hərbi infrastrukturları var. Onlara zərbə həmin dövlətləri mümkün qarşıdurmanın birbaşa iştirakçısına çevirə bilər. İranın Avropa ölkələrini hədəfə alan əməliyyatları özünə qarşı cəbhəni genişləndirmə potensialına malikdir.Belə bir ssenari NATO üçün də ciddi sınaq yarada bilər. Avropa ərazisində yerləşən ABŞ hərbi obyektlərinə hücum müttəfiqlərin kollektiv müdafiə məsələsini gündəmə gətirə bilər. Yəni NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi baş verə bilər ki, bu da bütün NATO ölkələrinin İrana qarşı səfərbər olmasına gətirib çıxara bilər.

 

Siyasi şərhçi qeyd edir ki, Tehranın mümkün müharibənin yalnız öz ərazisi ilə məhdudlaşmayacağı barədə xəbərdarlığı qarşıdurmanın qarşısını almaq əvəzinə, onun daha geniş coğrafiyaya yayılması riskini artırır. Sərt bəyanatlara baxmayaraq, İran da bunu dərk edir və Avropanı hədəfə alan əməliyyatlar keçirib özünü daha ağır vəziyyətə salmaz. Əks halda, regional münaqişənin Avropa təhlükəsizliyinə təsiri qlobal sabitlik üçün yeni və daha mürəkkəb problemlər yarada bilər.

Arzum Ağazadə

#olduğunu #gündəm #xəbər #abş-nin #vurmaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər