Britaniya Rusiya ilə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır
Böyük Britaniya və Avropa ölkələri Ukraynada sülh əldə olunduqdan sonra Rusiya ilə qitənin təhlükəsizliyinə dair danışıqlar aparmağa hazırdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Böyük Britaniyadan verilən bəyanat əslində Rusiya ilə uzlaşmaqdan daha çox, Rusiyanı fakt qarşısında qoymaq məqsədi daşıyır:
“ Britaniya bəyan edir ki, Rusiya Ukraynanın bir dövlət kimi suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tanıyarsa, onunla belə bir razılaşmaya getmək mümkündür. Lakin bu gün Rusiyanın belə bir mövqedən çıxış edəcəyinə inanmaq real görünmür. Ona görə də Böyük Britaniya diplomatik müstəvidə bir daha Rusiyanın mövqeyini ifşa edir. Rusiyanın Ukrayna məsələsində güzəştə getməyəcəyi təqdirdə nəinki Böyük Britaniyanın, bütövlükdə Avropanın Rusiya ilə bir masa arxasında əyləşməsi və indiyədək tətbiq olunan 22 sanksiyanın əvəzinə qarşılıqlı əməkdaşlığa üstünlük verməsi real və inandırıcı görünmür. Hazırkı şəraitdə Rusiya ilə hər hansı yeni əməkdaşlığın və iş birliyinin qurulması da mümkün görünmür”.
Politoloqun sözlərinə görə, çünki Rusiyanın Ukrayna siyasətini dəyişməməsi Qərbin də bütövlükdə Rusiyaya münasibətinin dəyişməz qalmasına səbəb olacaq:
“Rusiya Ukraynaya qarşı işğalçılıq siyasətindən birmənalı şəkildə əl çəkmədiyi müddətcə, Qərb dövlətlərinin, xüsusilə də Böyük Britaniya başda olmaqla aparıcı Avropa ölkələrinin Ukraynanın müstəqilliyinə və suverenliyinə dəstəyi davam edəcək. Son günlər Ukraynaya birbaşa hərbi və maliyyə dəstəyinin göstərilməsi ilə bağlı məsələlər də Qərbin bu istiqamətdə mövqeyinin nə qədər qətiyyətli və prinsipial olduğunu bir daha ortaya qoyur”.
Selcan Xudiyeva