“Boğaz yalnız ABŞ üçün deyil…” - ŞƏRH
“Hörmüz boğazı yalnız ABŞ-nin məsələsi deyil, onu istifadə edən digər ölkələr də öz təhlükəsizlik maraqlarını qorumaq üçün addımlar atmalıdır”.
Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazı ətrafında yaranan gərginlik Yaxın Şərqdə mövcud geosiyasi balansın dəyişə biləcəyini göstərir:
“Pit Heqsetin açıqlamasında vurğulandığı kimi boğaz təkcə ABŞ üçün deyil, ondan istifadə edən bütün ölkələr üçün strateji əhəmiyyət daşıyır. Bu reallıq regional dövlətləri həm müdafiə, həm də diplomatik mövqelərini gücləndirməyə vadar edir. Enerji nəqliyyatına nəzarət, təhlükəsizlik təminatı və hərbi mövcudluq məsələləri yeni siyasi bloklaşmaların və koalisiyaların yaranmasına zəmin yarada bilər. ABŞ ilə İran arasında artan gərginlik enerji bazarına, neft qiymətlərinə və ticarət yollarının təhlükəsizliyinə birbaşa təsir göstərir. Bu vəziyyət xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi region ölkələrinin mövqelərini yenidən qiymətləndirməsinə səbəb olur. Həmin dövlətlər ya ABŞ ilə yaxınlaşaraq birgə müdafiə strategiyaları qurmağa çalışacaq, ya da öz maraqlarını qorumaq üçün müstəqil hərbi və diplomatik addımlar atacaqlar. Bu proseslər NATO və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumların regiondakı roluna da təsir göstərəcək. NATO üzvü dövlətlər regional təhlükəsizlik məsələlərində daha aktiv mövqe tutmağa məcbur qalacaq. Eyni zamanda, BMT və beynəlxalq dəniz hüququ institutları boğazda gəmiçilik təhlükəsizliyinin qorunması üçün daha fəal rol oynaya bilər. Ümumilikdə, Hörmüz boğazı ətrafında yaranan gərginlik təkcə ABŞ və İran arasında deyil, Yaxın Şərqdə regional güc balansına, enerji təhlükəsizliyinə və beynəlxalq diplomatik münasibətlərə ciddi təsir göstərmək potensialına malikdir. Bu vəziyyət yeni koalisiyaların, strategiyaların və bloklaşmaların formalaşmasına səbəb ola bilər”.
Aytac İbrahimova