00:00:00
Yazar
Səmayə Səftərova
12.10.2026 21:08 22 1 dəq oxuma
Siyasət

Börnhem Britaniyanın Aİ-yə qayıtması ilə bağlı referendum keçirməyi planlaşdırmır

Börnhem Britaniyanın Aİ-yə qayıtması ilə bağlı referendum keçirməyi planlaşdırmır

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin Avropa İttifaqına (Aİ) qayıtması ilə bağlı referendum keçirməyi planlaşdırmadığını, lakin birliklə iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bildirib.

 

“İnformator.az” xəbər verir ki, hökumət başçısı bu barədə Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı danışıb.

 

“Referendum məsələsini yenidən gündəmə gətirmirəm. Referendumun nəticələrinə hörmətlə yanaşıram. Lakin Britaniya iqtisadiyyatının inkişafını sürətləndirmək və La-Manş boğazını keçən qayıqlarla mübarizə sahəsində əməkdaşlığı artırmaq üçün praqmatik yanaşma tətbiq edəcəyəm”, - o deyib. Börnhem onu da vurğulayıb ki, Leyboristlər Partiyasının 2024-cü il parlament seçkiləri ərəfəsində verdiyi vədləri pozmaq niyyətində deyil.

 

O qeyd edib ki, ölkənin Aİ-nin vahid bazarına və ya gömrük ittifaqına qayıtması istisna olunur. London, Brüssellə insanların sərbəst hərəkəti prinsipini bərpa etməyəcək. Bununla belə, baş nazir Aİ ilə ticarət əlaqələrinin yaxşılaşdırılmasından imtina etməyin məsuliyyətsiz addım olacağını bildirib. Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib. Səsvermədə britaniyalıların 51,9 faizi Aİ üzvlüyünün dayandırılmasını, 48,1 faizi isə bunun əleyhinə səs verib. Bir neçə il davam edən danışıqlardan sonra ölkə 2020-ci il fevralın 1-nə keçən gecə birliyi tərk edib.

#Böyük Britaniya #Avropa İttifaqı #iqtisadi əməkdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər