Borsa günü yüksəlişlə başa vurub
Borsa İstanbulda BIST 100 indeksi günü 1,79 faiz dəyər qazanaraq 14.405,25 bəndlə yekunlaşdırıb.
BIST 100 indeksi əvvəlki qapanışla müqayisədə 253,66 bənd artdığı halda, ümumi ticarət həcmi 254,6 milyard lirə təşkil edib.
Bankçılıq indeksi 4,32 faiz, holdinq indeksi isə 1,95 faiz dəyər qazanıb. Sektor indeksləri arasında ən çox qazandıran bankçılıq, ən çox itirən isə 2,39 faizlə informasiya texnologiyaları sektoru olub. Yaxın Şərqdəki geopolitik risklər və neft qiymətlərindəki artım qlobal bazarlarda risk qavrayışının yüksəlməsinə səbəb olduğu bir vaxtda, daxili bazar bank səhmlərinin liderliyi ilə müsbət istiqamətdə fərqlənib.
Analitiklər sabah ölkə daxilində mühüm iqtisadi göstəricilərin gözlənilmədiyini, xaricdə isə Çində inflyasiya, Yaponiyada maşınqayırma sifarişləri və ABŞ-də həftəlik ipoteka müraciətlərinin izləniləcəyini bildiriblər. Texniki baxımdan BIST 100 indeksində 14.500 və 14.600 bənd səviyyələrinin müqavimət, 14.300 və 14.200 bənd səviyyələrinin isə dəstək mövqeyində olduğunu qeyd ediblər.
TRT HABER
Lalə Qafarova