Böyük Britaniya İran münaqişəsinə qoşulmayacaq-ŞƏRH
Böyük Britaniyanın Baş naziri Kir Starmer İran ətrafında yaranmış gərginlik fonunda ölkəsinin müharibəyə cəlb olunmayacağını bəyan edib.Kir Starmer ABŞ-dən gələn mümkün təzyiqlərə baxmayaraq mövqeyini dəyişməyəcəyini bildirib: “Mən fikrimi dəyişməyəcəyəm və təzyiqlərə boyun əyməyəcəyəm. Böyük Britaniya bu müharibəyə sürüklənməyəcək”.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Kir Starmerin bu bəyanatı milli maraqların daha praqmatik qiymətləndirilməsinə əsaslanır:
“ “Müharibəyə cəlb olunmayacağıq” bəyanatı Böyük Britaniyanın xarici siyasətində daha ehtiyatlı və selektiv müdaxilə xəttinə keçidin göstəricisi kimi oxunur. Bu yanaşma klassik “transatlantik avtomatik həmrəylik” modelindən müəyyən qədər uzaqlaşmadır. Xüsusilə, Böyük Britanyanın son illərdə iqtisadi və daxili siyasi prioritetlərə daha çox fokuslanması fonunda belə mövqe gözlənilən idi. London açıq şəkildə siqnal verir ki, hər bir regional münaqişəyə avtomatik şəkildə qoşulmaq niyyətində deyil və hərbi iştirak qərarını konkret risk-hesablamalar üzərindən verir”.
Böyük Britaniyanın bu addımını Yaxın Şərq kimi riskli regionlarda "hərbi yükdən qaçmaq" strategiyası olaraq qiymətləndirən politoloq, eyni zamanda ABŞ ilə münasibətlərdə müəyyən taktiki fərqlərin dərinləşdiyini göstərdiyini bildirib:
“Bu, bir tərəfdən siyasi məsuliyyətin daxili auditoriya qarşısında daha ciddi nəzərə alınması, digər tərəfdən isə Yaxın Şərq kimi yüksək riskli regionlarda hərbi yükdən qaçmaq strategiyasıdır.Əlavə olaraq bu mövqe ABŞ ilə strateji tərəfdaşlığa tam zərbə vurmasa da, münasibətlərdə müəyyən taktiki fərqlərin dərinləşdiyini göstərir. London Vaşinqtonla ittifaqı qoruyur, lakin artıq daha müstəqil qərarvermə xəttini nümayiş etdirir. Bu isə Böyük Britaniyanın təhlükəsizlik baxımından ikiqat effekt yarada bilər: bir tərəfdən birbaşa müharibəyə daxil olmamaq riskləri azaldır və ölkəni potensial hərbi cavab zərbələrindən qoruyur, digər tərəfdən ABŞ də daxil olmaqla müttəfiqlərdən gələn siyasi təzyiqləri artıra bilər. Eyni zamanda, İran ətrafında formalaşan gərginlikdə neytral mövqedə qalmaq London üçün diplomatik manevr imkanlarını genişləndirir, lakin bu balansı qorumaq uzunmüddətli perspektivdə getdikcə daha çətin ola bilər " , - deyə Züriyə Qarayeva fikirlərini yekunlaşdırıb.
Zəri Bayramlı