Böyük Britaniya və Rusiya arasında diplomatik gərginlik artır
Böyük Britaniya ilə Rusiya arasında diplomatik münasibətlər yenidən gərginləşib. London hökuməti paytaxtda fəaliyyət göstərən Rusiya səfirliyinin əməkdaşının akkreditasiyasını ləğv edib. Bu qərarın Moskvanın daha əvvəl britaniyalı diplomatı ölkədən çıxarmasına cavab olduğu bildirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib ki, Böyük Britaniya və Rusiya arasında baş verən diplomatik gərginlik əslində uzun müddətdir davam edən soyuqlaşma prosesinin yeni bir fraqmentidir:
“Böyük Britaniya və Rusiya tarixən istər geosiyasi, istərsə də geoiqtisadi amillərlə əlaqədar bir - birilə rəqabət aparan gücdür. Hər iki qüvvənin xüsusən Avropada və müxtəlif regionlarda kəsişən maraqları mövcuddur. Lakin reallıq ondan ibarətdir ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi təcavüzü Moskva London xəttində münasibətlərin daha da kəskinləşməsinə rəvac verdi. Birləşmiş Krallığın Kiyevi dəstəkləməsi, müharibə fonunda Ukraynanı silahlandırması və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Kremldə anti-ingilis ritorikasını daha da artırdı. Təbii ki, hər iki dövlətin imperiya maraqları əsasında xarici siyasət prioritetlərini müəyyən etdiyini nəzərə alarsaq rəsmi Londonun Kiyevin yanında yer alması başa düşüləndir. Ukrayna, ümumiyyətlə isə Avropa Britaniya kontekstində Rusiya qarşında təbi bariyer rolunu oynayır. Rusiyanın qitə üzərində özünün ambisiyalarını hərbi güc vasitəsilə təmin etməyə çalışması birmənalı şəkildə Britaniyanın strateji maraqlarına ziddir. Buna görə də, hazırda baş verən proseslər, diplomatik missiyalar fonunda çəkişmələr hesab edirəm ki, mövcud dinamika davam etdikcə daha da qüvvətlənəcək”.
Gövhər Mehyəddinova