"Bərdə rayonu Lənbəran kənd tam orta məktəbində nələr baş verir ?"
Bu gün - 07.02.2026-cı il tarixində Bərdə rayon Lənbəran kənd Tam orta məktəbinin direktoru Mahmud Məmmədovla bağlı redaksiyamıza şikayətlər ünvanlanıb.
"İnformator.az"a şikayətin bildirən Bərdə rayonu Lənbəran kənd tam orta məktəbinin Fizka müəllimi Qasım Hümmətov Mahmud Məmmədovun qeyri-qanuni yollarla direktor vəzifəsinə təyin olunduğunu bildirib.
Onun sözlərinə görə, Mahmud Məmmədov direktorların işə qəbulu imtahanında iştirak etməyərək, həmçinin sertifikasiya imtahanında az nəticə əldə etməsinə baxmayaraq qeyri-qanuni yollarla direktor təyin edilib:
"Həqiqətən də, Mahmud Məmmədov sertifikasiyada iştirak etməyib. O, məktəbə qeyri-qanuni yollarla direktor təyin olunub. Ümumiyyətlə, onun ixtisas balı 16-dır. On ildən yuxarı məktəbdə təlim-tərbiyə işləri ilə bağlı direktor müavini işləyib. Lakin işlədiyi dövr ərzində orada heç bir təhsil uğuruna imza atmayıb. Artıq həmin məktəbdə 7 ildir ki, Fizka müəllimi işləyirəm, işlədiyim müddətdə də Mahmud Məmmədovun təhsillə bağlı heç bir uğuruna şahid olmamışam. Təbii ki, potensialı az olan, idarəetmə bacarığı olmayan bir şəxsin direktor təyin edilməsi çox yanlışdır. Bunu tək mən deyil, bütün kollektiv üzvü deyir. Görünür ki, Mahmud Məmmədov dolayı yollar vasitəsi ilə vəzifəyə gətirilib. Hətta bu yaxınlarda məktəbdə direktorun təqdimatı oldu, lakin bu təqdimata kollektiv üzvlərindən heç kim qoşulmaq istəmirdi. Amma Bərdə rayonu üzrə Təhsil sektorunun müdiri Nicat İsmayılov orada qeyri-demokratik yollarla kollektivə təzyiq edərək o təqdimatda iştirak edəcəylərini bildirmişdi, lakin kollektiv iştirak etmək istəmirdi. Bu kimi hallar ilk deyil, 2019-cu ildən yaşanır və yaşanmaqda da davam edir",-deyə Fizka müəllimi deyib.
Şikayətçi tərəf, həm də 11-ci sinif şagirdlərin məktəbdən yayınması, kurslara göndərilməsi problemindən də danışıb:
"11-ci sinif şagirdləri kütləvi şəkildə dərslərdən yayınaraq kurs və repetitorların yanına cəlb olunurlar. Təbii ki, buna məktəb direktoru şərait yaradır. Fevral ayının 5-də sonuncu saat - Fizka dərsində 28 nəfər abituriyentdən heç kim dərsdə deyildi. Bu da qeyri-qanunidir, ona görə də mən bütün abituriyentlərə dərsdə iştirak etmədikləri üçün qayb yazdım",-deyə o, fikirlərini yekunlaşdırıb.
Biz də "İnformator.az" xəbər saytı olaraq məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərdik.
Sorğumuza cavab olaraq məsələnin nəzarətə götürüldüyü bildirilib:
"Tərəfimizdən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri altıncı saatda fizika fənn müəllimi Qasım Ramiz oğlu Hümbətovun icazəsi ilə evə buraxılıblar. Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb.
Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qurumlara müraciət edilib. Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.
Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində "Təhsil verənlərin etik davranış qaydaları"nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb", - deyə məlumatda vurğulanır.
Mayıl Soltan
