Britaniya-Azərbaycan müdafiə əməkdaşlığı strateji müstəvidə dərinləşir
Britaniya ilə Azərbaycan arasında müdafiə əməkdaşlığı dərinləşir. Ötən həftə Azərbaycan nümayəndə heyəti - müdafiə sənayesi naziri Vüqar Mustafayev, müdafiə nazirinin müavini Aqil Qurbanov və Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Londona səfər edib.
Mövzu ilə bağlı deputat Tural Gəncəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq dərin və strateji xarakter daşıyır:
“Britaniya həmişə Azərbaycanın ən strateji müttəfiqlərindən biri olub. Hələ Ermənistan-Azərbaycan münaqişəsi dövründən başlayaraq, Böyük Britaniya Avropa İttifaqının üzvü olduğu vaxtlarda da, sonradan Aİ-dən çıxdıqdan sonra da daim Azərbaycanın əsas tərəfdaşı kimi çıxış edib. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin Londona səfəri və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar münasibətlərin dərinliyini bir daha təsdiqləyir. Bu səfər sübut edir ki, Britaniya-Azərbaycan arasında strateji, hərbi və təhlükəsizlik münasibətləri dərin şəkildə inkişaf edir. Britaniya dünyanın ən inkişaf etmiş hərbi sənaye texnologiyalarına malik ölkələrindən biridir. Bu sahədə əməkdaşlıq Azərbaycana qabaqcıl hərbi texnologiyalara çıxış imkanı yaradır”.
Deputat parlamentlərarası əlaqələrin də xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Mən də Britaniya üzrə parlament işçi qrupunun üzvü kimi deyə bilərəm ki, parlamentlərarası əlaqələr çərçivəsində müxtəlif məsələlər, o cümlədən hərbi təhlükəsizlik və müdafiə sənayesi sahəsində müzakirələr aparmaq imkanımız olur. Böyük Britaniya Azərbaycanın regional və geosiyasi rolunu yüksək qiymətləndirir. Azərbaycan Böyük Qafqaz, Xəzər dənizi hövzəsi və regional təhlükəsizlik baxımından mühüm rola malik ölkədir. Britaniya Mərkəzi Asiya və Xəzər regionu üzrə təhlükəsizlik strategiyasını formalaşdırarkən Azərbaycanın töhfəsinə ehtiyac duyur. Hərbi sənaye və təhlükəsizlik sahəsində əməkdaşlıq həm Azərbaycan, həm də Böyük Britaniya üçün regional və qlobal təhlükəsizlik kontekstində mühüm strateji önəm kəsb edir”.
Fatimə Hüseynli
