Britaniya İran istiqamətində hərbi fəallığı artırır
Böyük Britaniyaya məxsus iki “Tayfun” qırıcısı və hərbi-nəqliyyat təyyarəsi Yaxın Şərq istiqamətində uçuş gerçəkləşdirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, bu gün İran rejiminə münasibətdə ABŞ və Avropa ölkələrinin hədəfləri və maraqları böyük ölçüdə üst-üstə düşür:
“İran rejiminin apardığı siyasət Avropa üçün də qəbuledilən deyil. Məhz bu səbəbdən hərbi eskalasiya xarakterli addımların birlikdə və ya paralel şəkildə atılması başa düşüləndir. Hazırkı mərhələdə ABŞ və Avropa ölkələrinin, o cümlədən Britaniyanın İran istiqamətində hərbi addımları paralel və ya koordinasiyalı şəkildə atdığına dair əlamətlər görünür. Britaniyanın hərbi təyyarələrinin İran istiqamətində hərəkəti hələlik konkret və açıq hədəfləri açıqlanan rəsmi aksiya deyil, lakin bu addımın İran məsələsi ilə əlaqəli olması istisna edilmir. Britaniyanın bölgədə hərbi fəallığı artırması bir tərəfdən İrana xəbərdarlıq və təhdid məqsədi daşıyır, digər tərəfdən isə İrana qarşı birgə hərbi zərbələrin ehtimalını gündəmə gətirir. İyunda ABŞ və İsrailin İrana yönəlmiş zərbələri geniş beynəlxalq koalisiya formatında həyata keçirilmədi. Lakin bu dəfə bəzi Avropa ölkələrinin də prosesə qoşularaq zərbələrin daha geniş çərçivədə endirilməsi ehtimalı mövcuddur. Əgər İrana qarşı koalisiya formalaşarsa, burada Britaniyanın yer alması real görünür. Britaniyanın eskalasiya xarakterli addımlar atması bölgədə hərbi balansı İranın ziyanına dəyişir. Bütün bu proseslər İranla bağlı qarşıda daha kəskin ssenarilərin dayandığını deməyə əsas verir”.
Qəmər Kazımzadə
