Britaniyanın 100 min veteranla bağlı qərarı Avropada müharibə narahatlığını artırır
Böyük Britaniyanın 100 min veteranı mümkün hərbi xidmətə qayıdış ehtimalı ilə bağlı xəbərdar etməsi Avropada təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda diqqət çəkir. Bu addım ölkənin mümkün müharibəyə hazırlığının göstəricisi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Britaniyanın 100 min veteranı hərbi xidmətə qayıdış ehtimalı ilə bağlı xəbərdar etməsi kiçik hadisə deyil:
“Bu, ümumilikdə ölkənin müharibəyə və müdafiəyə hazırlaşmasının tərkib elementi sayıla bilər. Görünür, Avropada və Rusiya ilə münasibətlərdə yaranmış vəziyyət Britaniyanı belə bir addım atmağa vadar edib. Ukrayna üzrə sülh sazişinin imzalanması hələlik mümkün görünmədiyindən müharibənin davam etməsi ehtimalı da nəzərə alınır. Belə şəraitdə ölkələr müdafiə müharibəsinə hazırlıq çərçivəsində müvafiq addımlar atırlar”.
Siyasi şərhçi qeyd edib ki, Avropa ölkələrinin hərbi hazırlıqlarını gücləndirməsi Rusiyanın Ukraynada hərbi fəallığının artması və ABŞ-nin proseslərdən getdikcə daha çox kənara çəkilməsi ilə əlaqəlidir:
“Belə şəraitdə Avropa ölkələrinin özlərini müdafiə etməkdən başqa imkanları təbii ki, qalmır. Britaniyanın atdığı bu addım başqa Avropa ölkələrinə də sirayət edə bilər. Xüsusilə coğrafi olaraq Rusiyaya yaxın ərazidə yerləşən Polşada, Baltikyanı ölkələrdə və Almaniyada belə və buna oxşar addımların atılması gözlənilir”.
Aydın Quliyev əlavə edib ki, Avropa ilə Rusiya arasında birbaşa müharibə olmadığı halda belə hərbi hazırlıqların gücləndirilməsi regionda təhlükəsizlik gərginliyinin artmasından xəbər verir.
Fatimə Hüseynova