Sülh körpüsü”: Qarşılıqlı etimadın formalaşmasına yeni cəhd
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa müzakirələrinin beşinci raundunda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb. Görüş zamanı iştirakçılar Simonyana onları maraqlandıran sualları ünvanlayıb, tərəflər arasında fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, “Sülh körpüsü” təşəbbüsünün əsas məqsədi iki ölkə arasında dövlətlərarası səviyyədə gedən normallaşma prosesinə ictimai müstəvidə dəstək verməkdir:
“Siyasi razılaşmaların əldə olunması hələ cəmiyyətlər arasında qarşılıqlı etimadın tam formalaşması demək deyil. Uzun illər davam edən münaqişənin yaratdığı stereotiplərin, qarşılıqlı inamsızlığın və informasiya baryerlərinin aradan qaldırılması üçün birbaşa dialoq mexanizmlərinə ehtiyac var. Bu baxımdan, platforma rəsmi diplomatiya ilə ictimai diplomatiya arasındakı boşluğu doldurmağa, sülh gündəliyinin cəmiyyətlər səviyyəsində müzakirəsinə imkan yaratmağa çalışır”.
Züriyə Qarayeva vurğulayıb ki, bu cür görüşlərin davamlı olması gələcəkdə media, akademik dairələr və ekspert icmaları arasında yeni əməkdaşlıq imkanları formalaşdıra bilər. Bununla yanaşı, ekspert qeyd edib ki, ictimai diplomatiya rəsmi dövlətlərarası danışıqların alternativi deyil:
“Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı dialoqu sülh prosesinə ictimai dəstəyin genişlənməsi, dezinformasiyanın təsirinin azalması və tərəflərin mövqelərinin daha düzgün anlaşılması baxımından praktik nəticələr verə bilər. Belə görüşlərin davamlı xarakter alması gələcəkdə media, akademik dairələr və ekspert icmaları arasında əməkdaşlıq imkanlarının yaranmasına da şərait yarada bilər. Bununla belə, ictimai diplomatiya dövlətlərarası danışıqları əvəz etmir. Onun əsas funksiyası siyasi və hüquqi müstəvidə əldə edilən razılaşmaların cəmiyyətlər tərəfindən mənimsənilməsinə və davamlı sülh üçün sosial zəminin formalaşmasına töhfə verməkdir”.
Zəri Bayramlı