00:00:00
Yazar
Elmira Ağayeva
27.11.2026 21:24 60 3 dəq oxuma
Siyasət

Əraqçi: Sanksiyaların səmərəsizliyini sübut etmək danışıqlardan daha vacibdir

Əraqçi: Sanksiyaların səmərəsizliyini sübut etmək danışıqlardan daha vacibdir

 

İrana qarşı tətbiq olunan sanksiyaların və təzyiqlərin səmərəsizliyini sübut etmək danışıqlardan daha vacibdir. Bununla belə, Tehran danışıqları gündəmdən çıxarmayıb və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət teleradio şirkətinə açıqlamasında bildirib.

“Danışıqlar fəaliyyətimizin bir hissəsidir. Biz onları unutmamışıq və bu istiqamətdə işimizi davam etdiririk. Lakin hazırkı şəraitdə daha vacib vəzifəmiz var. Bu, düşmənlərimizə ölkəmizə qarşı tətbiq etdikləri sanksiyaların və təzyiqlərin nəticəsiz olduğunu göstərməkdir. Danışıqlar prosesinin öz mexanizmi var və bu proses Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında həyata keçirilir”, – deyə nazir qeyd edib.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Murad Sadəddinov bildirib ki, İranın xarici işlər naziri müxtəlif bəyanatlar verərək sanksiyaların təsirsiz olduğunu bildirsə də, reallıq tamamilə fərqli mənzərə ortaya qoyur.

Onun sözlərinə görə, İran iqtisadiyyatı uzun müddət əsasən neft ixracından əldə olunan gəlirlər hesabına fəaliyyət göstərib. ABŞ-nin tətbiq etdiyi embarqo və sanksiyalar isə məhz bu sektorun fəaliyyətinə ciddi maneələr yaradıb:

“Ortada obyektiv və real faktlar var. İran iqtisadiyyatı uzun müddət əsasən neft satışından əldə olunan gəlirlər hesabına fəaliyyət göstərib. ABŞ-nin tətbiq etdiyi embarqo və sanksiyalar da məhz bu sektorun fəaliyyətini məhdudlaşdırmağa yönəlib. İranın valyuta gəlirlərinin təxminən 95 faizi neft ixracından əldə olunurdu. Bu ixracın böyük hissəsi ölkənin cənubundakı limanlar vasitəsilə, Hörmüz boğazı üzərindən həyata keçirilirdi. Hazırda isə həmin marşrutlar ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır və neft daşıyan gəmilərin dünya bazarına çıxışı məhdudlaşıb. Bu vəziyyət artıq təxminən altı aydır davam edir və İran iqtisadiyyatında ciddi fəsadlara səbəb olur”, – deyə politoloq bildirib.

M.Sadəddinov əlavə edib ki, sanksiyalar İran iqtisadiyyatının müxtəlif sahələrinə, xüsusilə maliyyə sisteminə və sənaye sektoruna ciddi zərbə vurur. Onun fikrincə, ölkənin enerji təminatında yaranan çətinliklər də iqtisadi vəziyyətin ağırlığını göstərir:

“İlk növbədə, İranın maliyyə sisteminə ciddi zərbələr dəyir. Bununla yanaşı, embarqolar sənaye də daxil olmaqla, digər iqtisadi sahələrin fəaliyyətinə də mənfi təsir göstərir. Ölkənin qaz və elektrik enerjisi ilə təminatında da ciddi problemlər yaranıb. Bir faktı qeyd etmək istəyirəm: İranın xarici işlər naziri sanksiyaların təsirsiz olduğunu sübut etməyə çalışsa da, ölkə prezidenti özü açıq şəkildə ölkədə elektrik enerjisi və qaz təminatı ilə bağlı ciddi problemlərin olduğunu bəyan edir. Hətta o, isti geyimdə yatdığını nümayiş etdirərək jurnalistlərə iş otağında yalnız bir işıqdan istifadə etdiyini göstərib, eyni zamanda əhaliyə elektrik enerjisinə və qaza qənaət etməyə çağırış edib. Bütün bunlar İran kimi böyük və resurslarla zəngin bir dövlətin mövcud siyasət nəticəsində hansı vəziyyətlə üzləşdiyini göstərir”, – deyə politoloq vurğulayıb.

Politoloq hesab edir ki, İran iqtisadiyyatının uzun müddət bu şəraitə davam gətirməsi çətin olacaq:

“İran ixracını təmin etmək və sanksiyalardan yayınmaq üçün müxtəlif alternativ yollara əl atmağa çalışacaq. Lakin bu cəhdlərin qarşısının necə alınacağından çox şey asılıdır. Əgər ABŞ sanksiyalara ciddi nəzarət edə bilsə, yalnız İranın cənubundakı limanlar vasitəsilə deyil, digər marşrutlardan və qonşu ölkələrin imkanlarından istifadə etməklə sanksiyalardan yayınma cəhdlərinin də qarşısını ala bilsə, düşünürəm ki, İran uzun müddət bu vəziyyətə tab gətirə bilməyəcək. Nəticədə ölkə iqtisadi kollapsla və daxildə ictimai etirazlarla üzləşə bilər.

Əraqçinin bəyanatına və bunun diplomatik qapıların bağlanması anlamına gəlib-gəlmədiyinə gəlincə, mən belə düşünmürəm. İran rəhbərliyi dəfələrlə müxtəlif bəyanatlar verib, lakin sonradan həmin bəyanatların tam əksinə olan addımlar atıb”.

Ayşə Cəfərova

#gündəm #baki #etmək #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər