TRIPP layihəsi: Cənubi Qafqazda yeni nəqliyyat bağlantıları və geoiqtisadi imkanlar
TRIPP layihəsinin tam fəaliyyətə başlaması Cənubi Qafqazda iqtisadi münasibətlərə, nəqliyyat-kommunikasiya əlaqələrinə və geosiyasi maraqlar balansına təsir göstərə bilər. Layihə Azərbaycanın Naxçıvanla birbaşa bağlantısını təmin etməklə yanaşı, regionun beynəlxalq ticarət və logistika sistemindəki mövqeyini də dəyişmək potensialına malikdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Rəşad Bayramov bildirib ki, TRIPP layihəsi yalnız Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsinin yaradılması deyil, həm də Mərkəzi Asiya, Xəzər hövzəsi və Avropa arasında ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edən geoiqtisadi platformadır:
“TRIPP-in reallaşması Cənubi Qafqazın beynəlxalq nəqliyyat və logistika sistemində əhəmiyyətini artıra, mövcud marşrutlara alternativ bağlantı yaradaraq regional nəqliyyat imkanlarını şaxələndirə bilər. Bu, yükdaşımaların həcminin artmasına, region ölkələrinin beynəlxalq ticarət zəncirlərinə daha geniş inteqrasiyasına şərait yarada bilər. Ermənistan üçün də regional iqtisadi əlaqələrin genişləndirilməsi, tranzit gəlirlərinin əldə olunması və xarici investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar yarana bilər. Layihənin siyasi əhəmiyyəti isə Azərbaycan və Ermənistan arasında praktiki iqtisadi əməkdaşlığın formalaşmasına töhfə verməsidir. Ticarət, tranzit və infrastruktur layihələrindən qarşılıqlı fayda əldə edilməsi münasibətlərdə qarşıdurma məntiqinin tədricən əməkdaşlıqla əvəzlənməsinə kömək edə bilər. Bununla belə, iqtisadi əməkdaşlıq mövcud siyasi problemləri avtomatik həll etmir. Sərhədlərin delimitasiyası və sülh sazişinin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində irəliləyiş layihənin uğuru üçün vacib şərtlərdəndir. TRIPP Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa quru bağlantısının yaradılması baxımından da strateji əhəmiyyət daşıyır. Bu, Naxçıvanın nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində logistika imkanlarını genişləndirə, Orta Dəhliz vasitəsilə Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa arasında tranzit rolunu gücləndirə bilər. Alternativ marşrutların yaranması Azərbaycanın ayrı-ayrı tranzit istiqamətlərindən asılılığını azaldaraq logistika sisteminin dayanıqlığını artıra bilər. ABŞ-nin layihəyə dəstəyi isə Vaşinqtonun Cənubi Qafqazda iqtisadi və siyasi iştirakını genişləndirmək niyyətini göstərir. Layihə ABŞ üçün Mərkəzi Asiya ilə Avropa arasında alternativ ticarət bağlantılarının inkişafı, kritik xammal və təchizat zəncirlərinə çıxış, eləcə də regiondakı iqtisadi mövqelərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Amerika şirkətlərinin iştirakı da Vaşinqtonun regional proseslərdəki rolunu artıra və yeni iqtisadi əməkdaşlıq platformasının formalaşmasına şərait yarada bilər. Ümumilikdə, TRIPP Azərbaycanın milli maraqları, regional iqtisadi inteqrasiya və Cənubi Qafqazda davamlı sülh baxımından yeni imkanlar yarada bilər. Lakin layihənin uğuru siyasi bəyanatlardan daha çox, infrastrukturun qurulmasından və tərəflərin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılı olacaq”.
Güllüzar Nəbili