Tramp: İran raket və dron hücumlarını gücləndirib
ABŞ Prezidenti Donald Tramp İranın son bir həftədə bir ildən çox müddətdə ən çox raket və dron buraxdığını bildirib. O, hücumların dəf edildiyini və zərər olmadığını iddia edib. Tramp İranın ABŞ-də Demokratların seçki qələbəsini zəiflik kimi qiymətləndirdiyini söyləyib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, İran və Amerikadan atılan addımlarla bağlı ziddiyyətli xəbərlər gəlib:
“Hörmüz boğazında nəzarətin İranda olması ilə bağlı məlumatlar yayıldıqda Amerikadan dərhal təkzib verilib. Qarşılıqlı addımlar barədə hələlik tam etibarlı məlumat olmadığından dəqiq şərh vermək çətindir. Bununla belə, İranın son bir həftədə dron zərbələrini aktivləşdirməsi xəbəri həqiqətdirsə, bu, təsadüfi deyil. İran bunu Trampın siyasi və seçki məğlubiyyətindən sonra imkanlarının məhdudlaşdığı şəraitdə növbəti zərbə vurmaq üçün fürsət kimi dəyərləndirə bilər”.
Müsahibin sözlərinə görə, İranda Trampın zəif dövrünün yaşandığı düşünülür:
“İsraildəki seçki kampaniyası müttəfiqi Netanyahunun mövqelərini zəiflədib, həm də Amerikadakı aralıq seçkilər Trampın siyasi mövqelərini sarsıdıb. Bu baxımdan İranın zərbələr vurması taktiki cəhətdən başa düşüləndir. Eyni zamanda, Tramp Pekindəki üçtərəfli görüşdə İranla bağlı Çin və Putinlə razılaşmalar əldə edəcəyinə ümid etsə də, bu mümkün olmayıb. O, nüvə enerjisinin yayılmasına qarşı qadağaların və nəzarətin sərtləşdirilməsində israr etsə də, İranın nüvə proqramı ilə bağlı konkret heç nə səsləndirilməyib. Buna görə də İranın fəallaşması Trampın zəifləyən mövqelərindən istifadə cəhdi kimi görünə bilər”.
Şərhçi qeyd edib ki, Trampın özünün də bu cür məlumatların yayılmasında maraqı ola bilər:
“İranın atəşkəsi pozması və ya Amerikanın maraq nöqtələrinə zərbələrin artması barədə məlumatlar taktiki məqsəd daşıya bilər. Belə ki, Tramp gələcəkdə İrana qarşı hərbi zərbələri bərpa edərsə, İranın indiki addımlarını bəhanə kimi göstərə bilər. Odur ki, dron zərbələrinin aktivləşməsinə İranın taktikası, bu xəbərlərin geniş yayılmasına isə Amerikanın taktikası kimi yanaşmaq lazımdır. Bu vəziyyət İran-Amerika münasibətləri üçün müsbət perspektiv vəd etmir. Müharibə genişlənərsə, sülh imkanları xeyli azalır. Zərbələrin vurulması və bunun geniş təbliğ olunması bölgədə sülh və təhlükəsizliyin ziyanınadır”.
Nəticə olaraq müsahib bildirib ki, bütün bunlar daha iri müharibə ehtimalını da istisna etmir:
“Həmçinin, Trampın hərbi əməliyyatların yanvardan sonra bərpa oluna biləcəyinə işarə etməsi göstərir ki, o, nə əməliyyatları bərpa etməyə tələsib, nə də sülh sazişi üçün həlledici və kompromisli mövqe ortaya qoya bilib”.
Aysu Abbasova