Britaniyanın hərbi xərcləri artırması qlobal qarşıdurma risklərini yüksəldir
Britaniyada müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması nəzərdən keçirilir. Baş nazirin ofisi mövcud xərcləmə hədəfinə planlaşdırılandan daha tez çatmaq variantını müzakirə edir. Bu isə milyardlarla funt sterlinq əlavə vəsait tələb edə bilər.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Böyük Britaniyanın və digər aparıcı güclərin hərbi potensialını artırması strateji baxımdan gələcəyə hesablanmış addım kimi təqdim edilsə də, bu proses qlobal hərbi qarşıdurma risklərini artırır:
"İddialı dünya güclərinin əksəriyyəti hərbi potensialını sürətlə artırır. Bu proses problemlərin hərbi qüdrət vasitəsilə həll olunacağı yeni bir dünya düzəninə hazırlıq təsiri bağışlayır. ABŞ və digər aparıcı dövlətlər qlobal rəqabətdə hərbi gücə daha çox önəm verməyə başlayıblar. Böyük Britaniya qədim imperiya ənənələrinə malik dövlət kimi formalaşmaqda olan yeni dünya düzənində öz yerini qorumağa çalışır. Bu məqsədlə ölkə hərbi imkanlarını gücləndirməyi strateji prioritetlərdən biri kimi qiymətləndirir".
Müsahib bildirib ki, Avropa Birliyi, Rusiya, Çin və Kanada da hərbi güclərini artırmaq istiqamətində oxşar siyasət yürüdürlər:
"ABŞ yeni dünya düzənində lider mövqeyini qorumaqla yanaşı, NATO üzvlərinin, xüsusilə Avropa dövlətlərinin bu strategiyada onunla birlikdə hərəkət etməsini istəyir. Məqsəd həm hücum, həm də müdafiə baxımından vahid geosiyasi xəttin formalaşdırılmasıdır. Lakin bu məsələdə Avropa Birliyi və Böyük Britaniya daxilində yanaşmalar tam üst-üstə düşmür. Avropa Birliyi hərbi potensialını artırmaqla yanaşı, müəyyən dərəcədə ABŞ-dən asılı təhlükəsizlik modelini qorumağa meyllidir. Böyük Britaniyanın isə gələcək geosiyasi istiqamətini tam dəqiqləşdirmədiyi müşahidə olunur. Yəni ölkənin Avropa ilə daha sıx əməkdaşlıq edəcəyi, yoxsa NATO çərçivəsində ABŞ ilə prioritet tərəfdaşlığı seçəcəyi hələ tam aydın deyil".
Eyni zamanda o bildirib ki, mövcud beynəlxalq şəraitdə geosiyasi blokların yenidən formalaşması ehtimalı müzakirə olunur:
"Bəzi təhlillərdə Böyük Britaniyanın gələcəkdə Avropa strukturları ilə münasibətlərini yenidən nəzərdən keçirə biləcəyi ehtimalı da qeyd edilir. Paralel olaraq, qlobal təşkilatların rolunun dəyişməsi və prioritetlərinin yenilənməsi tendensiyası müşahidə olunur. Böyük Britaniyanın və digər aparıcı güclərin hərbi potensialını artırması strateji baxımdan gələcəyə hesablanmış addım kimi təqdim edilsə də, bu proses qlobal hərbi qarşıdurma risklərini artırır. Tarixən dünya siyasətinin formalaşmasında Qərb dövlətlərinin mühüm rol oynadığı nəzərə alınarsa, nüvə və konvensional silahlanmanın genişlənməsi beynəlxalq təhlükəsizlik mühitinin daha mürəkkəb istiqamətdə dəyişdiyini göstərir".
Səmayə Səftərova
