“Ukraynanın Rusiyanın qarşısında duruş gətirməsi üçün dəstək vacibdir”- Açıqlama
Almaniya Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün hərəkətə keçib.Almaniya kansleri Fridrix Merts Berlində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirdiyi birgə mətbuat konfransında Ukraynadakı son vəziyyətə toxunub. Merts bəyan edib ki, dünyanın bir sıra dövlət və hökumət başçıları ilə şəxsi danışıqlarında Ukraynanın hava hücumundan müdafiəsi üçün müvafiq tədarüklərin təşkilinə kömək etməyə çalışır. Kansler oktyabrın 15-16-da Brüsseldə keçiriləcək Avropa Şurasının iclasında da Kiyevə maliyyə və hərbi yardımın əsas müzakirə mövzusu olacağını diqqətə çatdırıb.
Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov "İnformator.az" a açıqlamasında bildirib ki, Almaniyanın son dövrlərdə Ukraynaya yardım məsələsində aktiv mövqe nümayiş etdirməsi səbəblərindən biri, əslində, Almaniya ilə Rusiya arasında olan problemlərdən qaynaqlanır:
"Son olaraq Almaniya hava limanında müvafiq olaraq Rusiya dronunun aşkar edilməsindən sonra münasibətlər xeyli korlandı. Konsulluqların bağlanması, paralel olaraq Rusiya tərəfindən də Almaniyanın mədəniyyət evlərinin bağlanması ilə bağlı qərarlar qəbul edildi. Son BMT-nin 81-ci sessiyası çərçivəsində biz Almaniya xarici işlər nazirliyi ilə Lavrovun da bir görüşünü eşitdik və Almaniya tərəfi özünün qırmızı xətlərini bir daha Rusiyanın nəzərinə çatdırdı".
Siyasi şəhçi bildib ki, İndiki mərhələdə Ukraynaya dəstək onsuz da Almaniya tərəfindən müvafiq şəkildə həyata keçirilirdi, indi isə onun artırılması istiqamətində çağırışlar, bir tərəfdən, həm belə deyək, Rusiyaya bir mesajın ötürülməsini özündə ehtiva edirsə, digər tərəfdən də Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyi ilə bağlı Avropa İttifaqı ölkələrinə verilmiş mesajdır:
"Çünki bu günlərdə Ukraynanın hər şeydən daha çox ehtiyacı olan silahlar müvafiq olaraq hava hücumundan müdafiə sistemləridir və son ABŞ-nin 400 milyon dollarlıq yardım paketindən Patriot sistemləri üçün raketlərin çıxarılması və bunların təchizatının həyata keçirilməməsi, paralel olaraq Ukrayna tərəfinin hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalı ilə bağlı ABŞ-dan lisenziya istəməsi və bundan da imtina edilməsi Ukraynanı doğrudan da çətin vəziyyətə salır. Ona görə də bu günlərdə Ukraynanın Rusiyaya qarşı dözməsini istəyən Qərb ölkələri bu və ya digər şəkildə həmin sistemlərin öz ehtiyatlarında olan sistemlərin ötürülməsini təmin etməlidirlər".
Rəşad Bayramov bildirib ki ,Bunu edəcəklərmi, təbii ki, zaman göstərəcək:
"Amma ən azından Almaniya kansleri bu istiqamətdə mövqe ortaya qoyursa, bu qışın Ukrayna üçün çox ağır keçəcəyini və ona dəstəyin təmin olunmasının vacibliyini deyirsə, yəqin ki, müvafiq bu çağırış hansısa ölkələr tərəfindən qəbul olunacaq. Bu günlərdə düzdür, özlərinin də bu istiqamətdə ehtiyatları kifayət qədər deyil. Çünki ABŞ təkcə onların Ukraynaya ötürülməsini yox, o cümlədən Avropa İttifaqı və digər ölkələrə ötürülməsini də öz ehtiyacları baxımından bloklayıbdır. ABŞ İran müharibəsi baxımından. Yəni bu ehtiyatlar onsuz da Avropa İttifaqı ölkələrində də azdır. Amma ən azından, yenə deyirəm, Ukraynanın məğlub olmaması üçün və Rusiyanın qarşısında duruş gətirməsi üçün bu gün bu istiqamətdə dəstəyin verilməsi vacibdir. Və veriləcəksə, o zaman, belə deyək, Ukrayna ərazilərinin Rusiyanın işğalına tamamilə düşməsinin qarşısını almaq mümkün olacaq. Əks halda, bu qış Ukrayna üçün olduqca ağır keçəcək".
Mehriban Yariyeva