“Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub”
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında keçirilən üçtərəfli danışıqların ikinci raundu çərçivəsində baş tutan görüşlərin ilk günü yekunlaşıb. Ukrayna tərəfi məsləhətləşmələri məzmunlu və məhsuldar qiymətləndirərək, diqqətin konkret addımlar və praktik həll yollarına yönəldiyini bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Fuad Abbasov bildirib ki, müharibənin başlamasından artıq dörd il ötməsinə sayılı günlər qalıb:
"Bildiyimiz kimi, müharibə 24 fevralda başlayıb və bu dörd il Rusiya üçün ciddi psixoloji baryer və simvolik mərhələdir. Niyə? Çünki Rusiya öz təbliğatında bu müharibəni Böyük Vətən Müharibəsi ilə, yəni 1941–1945-ci illərdə aparılan müharibə ilə əlaqələndirir və onun bir analoqu olduğunu göstərməyə çalışır. Halbuki müharibənin üç ay, beş ay və ya bir il ərzində başa çatdırılması planlaşdırıldığı halda, artıq dörd ildir ki, nəticə yoxdur. Rusiya üçün müharibənin dörd ili keçməməsi xüsusi əhəmiyyət daşıyır və bu məqam Rusiya təbliğatında tez-tez vurğulanır. Digər tərəfdən, həm Ukrayna başda olmaqla Qərb və ABŞ, həm də Rusiya bütün resurslarını bu müharibəyə yönəldib və nəticədə ciddi resurs qıtlığı yaranıb. Dünyada aclıq və yoxsulluğun davam etdiyi bir dövrdə tərəflərin müharibəyə milyardlarla dollar xərcləməsi real nəticə vermir. Üçüncü məqam isə ABŞ-lə bağlıdır. Donald Tramp müharibəni bir sutka ərzində bitirəcəyinə dair vəd vermişdi, lakin hələlik buna nail olunmayıb. Bu məsələ Tramp üçün də psixoloji əhəmiyyət daşıyır. Müharibənin ən azı fevral ayı ərzində nəticələnməsi istəyi bununla bağlıdır.
Bundan əlavə, biz nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı START müqaviləsinin sona çatdığı bir dövrə daxil oluruq. 2026-cı ildə bu müqavilənin uzadılması, ləğvi və ya onunla bağlı danışıqların aparılması məsələsi gündəmdə olacaq. Bu prosesdə Rusiyanın Ukraynaya qarşı apardığı müharibə mütləq nəzərə alınacaq. Rusiya öz müdafiə strategiyasında nüvə silahını daim ön plana çəkib və gələcəkdə də bunu davam etdirə bilər. START müqaviləsinin uzadılmaması və ya ondan çıxılması halında Rusiya bunu təhlükələrə qarşı cavab addımı kimi təqdim edə bilər. Bütün bu amilləri nəzərə alsaq, həm Ukraynanın, həm Rusiyanın, həm ABŞ-nin, eləcə də Trampın bu müharibənin başa çatmasını istəməsi tamamilə normal və məntiqlidir. Əgər Əbu-Dabidəki görüşləri Umerov müsbət qiymətləndirirsə, bu, bizim hələ bilmədiyimiz müəyyən məqamların mövcud olduğunu göstərə bilər və həmin məqamlar müharibənin nəticələnməsinə yol aça bilər. Lakin hazırda hələ konkret nəticələr barədə danışmaq tezdir. Böyük ehtimalla danışıqlarla bağlı rəsmi press-reliz yayımlanacaq və orada müzakirələrin yalnız kiçik bir hissəsi ictimaiyyətə açıqlanacaq. Bütün dünya artıq bu müharibədən yorulub və onun mənasız olduğunu görür. Hər iki tərəf ciddi itkilər verib və bu itkilərə baxmayaraq, tərəflər hələlik qarşılıqlı güzəştə getmək istəmirlər. Ən böyük problem də məhz bundan ibarətdir. Ona görə də, gözləmək lazımdır. Görüşmələrin real nəticələri ortaya çıxdıqdan sonra bu mövzunu daha ciddi və məzmunlu şəkildə şərh etmək mümkün olacaq".
Reyhan Quliyeva
