“Bu gərginlik Avropada siyasi parçalanma riskini artırır” - ŞƏRH
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Baltikyanı ölkələrə xüsusi xəbərdarlıq etdiyini bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov “İnformator.az”a açıqlamasında qeyd edib ki, rəsmi Moskvanın Baltikyanı ölkələrə yönəlik bu cür açıq və sərt xəbərdarlığı regionda onsuz da həssas olan təhlükəsizlik balansını daha da gərginləşdirən amil kimi qiymətləndirilə bilər:
“Mariya Zaxarovanın səsləndirdiyi bəyanat faktiki olaraq yalnız diplomatik mesaj deyil, həm də hərbi-siyasi siqnal xarakteri daşıyır. Baltikyanı ölkələr - Litva, Latviya və Estoniya coğrafi baxımdan Rusiyaya yaxın olduqları üçün belə ritorika onların təhlükəsizlik narahatlıqlarını artırır və regionda qarşılıqlı etimadsızlığı dərinləşdirir. Bu isə balansın qorunmasına deyil, daha çox qarşılıqlı çəkindirmə və potensial eskalasiya mühitinin formalaşmasına gətirib çıxarır. Nəticədə tərəflər arasında yanlış hesablama riski artır ki, bu da lokal insidentlərin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalını yüksəldir. Bu hadisə NATO ilə Rusiya arasındakı münasibətlərin daha da kəskinləşməsinə xidmət edən növbəti epizod kimi çıxış edir. Baltikyanı ölkələr NATO üzvü olduqları üçün onlara yönəlik hər hansı təhdid avtomatik olaraq alyansın kollektiv müdafiə mexanizmlərini gündəmə gətirir. Bu isə o deməkdir ki, Moskvanın xəbərdarlığı təkcə region ölkələrinə deyil, dolayısı ilə bütün NATO-ya ünvanlanmış mesaj kimi qəbul olunmalıdır. Belə vəziyyətdə NATO-nun regionda hərbi mövcudluğunu artırması, əlavə qüvvə və texnika yerləşdirməsi ehtimalı yüksəlir. Bu isə Rusiyanın öz növbəsində cavab tədbirləri görməsi ilə nəticələnə bilər və klassik “təhlükəsizlik dilemması”nı daha da dərinləşdirər. Başqa sözlə, bir tərəfin özünü müdafiə məqsədilə atdığı addımlar digəri tərəfindən hücum hazırlığı kimi qəbul olunur. Nəticədə dialoq imkanları daralır, qarşıdurma ritorikası güclənir və tərəflər arasında strateji sabitlik zəifləyir”.
Şərhçi əlavə edib ki, Baltik regionunda təhlükəsizlik risklərinin artması Avropanın ümumi təhlükəsizlik strategiyasına da ciddi təsir göstərir:
“Avropa İttifaqı və NATO son illərdə şərq cinahının müdafiəsini gücləndirməyə yönəlik addımlar atsa da, bu kimi hadisələr göstərir ki, mövcud mexanizmlər hələ də tam sabitlik təmin etmir. Risklərin artması Avropa ölkələrini daha çox hərbi xərclərə yönəldə, müdafiə sənayesinin genişlənməsini sürətləndirə və strateji prioritetlərin yenidən müəyyənləşdirilməsinə səbəb ola bilər. Bununla yanaşı, enerji təhlükəsizliyi, kiber təhlükəsizlik və hibrid təhdidlər kimi sahələr də daha çox diqqət mərkəzinə çevrilir. Çünki müasir qarşıdurmalar yalnız hərbi müstəvidə deyil, çoxölçülü formatda aparılır. Digər tərəfdən, belə gərginlik Avropada siyasi parçalanma riskini də artırır. Bəzi ölkələr daha sərt mövqe və Rusiyaya qarşı gücləndirilmiş tədbirlər tələb etdiyi halda, digərləri eskalasiyanın qarşısını almaq üçün diplomatik kanalların açıq saxlanmasını üstün tuta bilər. Bu isə vahid təhlükəsizlik strategiyasının formalaşdırılmasını çətinləşdirir. Odur ki, Moskvanın Baltikyanı ölkələrə yönəlik xəbərdarlığı yalnız lokal xarakter daşımır, daha geniş geosiyasi kontekstdə Avropa təhlükəsizlik arxitekturasının gələcəyinə təsir edən mühüm faktor kimi çıxış edir”.
Aytac İbrahimova