İran indi bir ay əvvəlkindən daha zəifdir- Tramp
O, bu barədə Ağ Evdə keçirilən Pasxa tədbirində bildirib.
"İranlılar layiqli döyüşçülərdir, çox dözümlü insanlardır. Düşmən güclüdür, lakin bir ay əvvəlki kimi deyil. İndi o qədər güclü deyil", - ABŞ lideri qeyd edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İran hakimiyyətinin kifayət qədər zəiflədiyini demək mümkündür:
“Təbii ki, İranla ABŞ və İsrailin hərbi personalı, ümumiyyətlə potensialı eyni deyil. ABŞ və İsrail İrana kifayət qədər ziyan vurub. Buna baxmayaraq İran da müqavimət göstərir və əsasən İsrailə davamlı raket və dron zərbələri endirir. Əlbəttə, İranın raket istehsalat müəssisələrinə zərbələrin endirilməsi, silah, sursat ehtiyatlarının sıradan çıxarılması müharibənin gedişatına təsir göstərir. Eyni zamanda İran ABŞ və İsrailin hakimiyyət nümayəndələrinə qarşı, demək olar ki, heç bir itki yarada bilməyib. Lakin İranın önəmli siyasi hakimiyyət təmsilçiləri, dövlət başçıları fiziki cəhətdən sıradan çıxarılıb. Bu mənada, İran hakimiyyətinin kifayət qədər zəiflədiyini demək olar. Daha əvvəlki qədər İsrailə raket zərbələri edirə bilmir. Uzun müddətli müharibə üçün İranın potensialı tükənir. ABŞ və İsrail də bunu gözləyir ki, İran hərbi tənəzzülə uğrayaraq danışıqlara və razılığa gəlsin. Lakin vəziyyət onu göstərir ki, İran buna tam hazır deyil. Ona görə də, müharibə hələ davam edəcək. Ola bilsin, bir neçə ay da davam edə bilər. Vəziyyətin dəyişməsi, atəşkəsin əldə olunması İranın nisbətən geri çəkilməsindən asılıdır”.
Lalə Qurbanlı