"Bu gün qalsın, sabah həll edərəm" - ERTƏLƏMƏ SİNDROMU
Yəqin ki, sizin də "bu gün qalsın, sabah həll edərəm” dediyiniz, amma həll etməyə vaxt tapa bilmədiyiniz işləriniz olub. Özünüz bunu “tənbəllik” ya da “vaxt çatışmazlığı” olaraq ifadə edə bilərsiniz. Amma kim bilir, bəlkə də ertələmə sindromuna tutulmusunuz.
Sosioloqlar məsələni bir neçə aspektdən qiymətləndirir. Sosioloq Elçin Bayramlının sözlərinə görə, günümüzdə ertələmə sindromu insanlar arasında həddindən çox yayılıb: "Bunun başlıca səbəbi texnologiyanın inkişafından qaynaqlanır. Çünki insanlar texnologiyaya o qədər güvənir ki, düşünür hər işi onların sayəsində rahat, tez həll edə biləcək. Digər səbəb insanların həvəssizliyindən irəli gəlir".
Məsələ ilə bağlı psixoloq fikri də aldıq. Elnur Rüstəmov deyir ki, ertələməkdə əsas problemlərdən biri insanların işləri eyni anda, tez həll etmək istəyidir: "Amma o işləri ayrı-ayrı hissələrə ayıraraq mərhələli şəkildə həll etsələr bu cür problem yaranmaz. Bu sindromdan qurtulmaq üçün çalışın iş görərkən diqqətinizi yayındıracaq cihazlardan, əşyalardan və ya fəaliyyətlərdən maksimum dərəcədə uzaq olun. Özünüzü mükafatlandırmağı da bacarın. Çünki mükafatlandırma motivasiya yaratmağın və təxirə salmamağın bir nömrəli dərmanıdır".
