“Bu gərginliyin Yaxın Şərq üçün doğura biləcəyi risklər isə daha dərindir”
“ABŞ Prezidenti Donald Trampın növbəti hədəfi İrandır. Əsas məqsəd Venesuela kənarlaşdırıldıqdan sonra Çini əhəmiyyətli bir neft təchizatçısından məhrum etməkdir”,-deyə rusiyalı politoloq Aleksey Naumov bildirib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp administrasiyasının İranı hədəf alması təkcə Tehranla bağlı məsələ kimi görünmür:
“Proses daha geniş geosiyasi xəritədə ABŞ-Çin qarşıdurmasının yeni mərhələsinə işarə edir. Rusiyalı politoloqların və Seymur Herş kimi araşdırmaçıların vurğuladığı tezis budur ki, Vaşinqtonun əsas məqsədi Çin üçün enerji mənbələrini daraltmaq, onu İran və Venesuela kimi alternativ neft təchizatçılarından məhrum etməkdir. Bu, Trampın ilk prezidentlik dövründən bəri Çini strateji rəqib kimi görməsi ilə üst-üstə düşür. Belə şəraitdə İran təkcə regional aktor deyil, həm də ABŞ-Çin enerji mübarizəsində həlledici həlqəyə çevrilir. Pekinin ehtiyatlı mövqeyi və münaqişədən qaçmağa çalışması da göstərir ki, məsələ təkcə Yaxın Şərqin daxili dinamiki ilə məhdudlaşmır, qlobal təsir dairələrinin toqquşması fonunda formalaşır. Bu gərginliyin Yaxın Şərq üçün doğura biləcəyi risklər isə daha dərindir. İranın regionda geniş proksi şəbəkəsi Hizbullahdan husilərə, İraq və Suriya boyunca fəaliyyət göstərən qruplara qədər hər hansı hərbi eskalasiyanın lokal münaqişədən çıxaraq genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalını artırır. Körfəz ölkələri və Hörmüz boğazı kimi strateji nöqtələr bu ssenaridə birbaşa hədəfə çevrilə bilər. İranın raket proqramı və enerji yolları üzərindəki təsiri də əlavə təzyiq elementidir. ABŞ-İran qarşıdurmasının dərinləşməsi yalnız iki dövlətin münasibətləri deyil, bütün regionun təhlükəsizlik arxitekturası, enerji bazarı və siyasi balansı üçün ciddi sarsıntılar yarada bilər ki, bu da Yaxın Şərqin yeni qeyri-sabitlik dövrünə sürüklənməsi deməkdir”.
Nuray Əliyeva
