00:00:00
Yazar
Admin User
04.02.2026 15:44 57 4 dəq oxuma
Sosial

Bu il abituriyentlərin buraxılış nəticələri yüksək ola bilər

Bu il abituriyentlərin buraxılış nəticələri yüksək ola bilər

Son illərin nəticələrini nəzərə alsaq hər il ali və orta ixtisas təhsili məktəblərinə qəbul üçün müraciət edənlərin sayı artmaqda davam edir. Buraxılış imtahanlarının nəticələrinin yüksək olması qəbul prosesində rəqabətin artmasına gətirib çıxara bilər. Eyni zamanda əmək bazarında humanitar sahələrə təlabatın azalması və plan yerlərinin azaldılması nəticəsində humanitar ixtisaslarda balların artımı müşahidə oluna bilər.Balların artımı III və IV qruplar üzrə eyni zamanda qabiliyyət tələb etməyən V qrup ixtisaslarında daha çox müşahidə olunacaq.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, 2026-cı ildə abituriyentlərin 11-ci sinif üzrə buraxılış imtahanlarında nəticələrinin yüksək olacağı gözlənilir:

 

"Son illərin statistikası göstərir ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciət edənlərin sayı ildən-ilə artır. Buraxılış imtahanlarında abituriyentlərin yüksək nəticələr toplaması isə qəbul prosesində rəqabəti daha da güclənməsinə səbəb ola bilər. Əvvəlki illərə nəzərən orta statistik bir abituriyentin göstəricisində də artım var. Bu da öz növbəsində keçid balının artmasına səbəb olur.Bu il buraxılış imtahanı nəticələrinin yüksək olacağı gözləntisi qəbul ballarına birbaşa və dolayı yollarla təsir göstərəcək. Əsas təsir mexanizmlərindən biri orta balın yüksəlməsidir ki, bu da rəqabəti artıracaq. Abituriyentlərin böyük hissəsi yüksək nəticə göstərərsə, eyni ixtisas və plan yeri uğrunda daha çox namizəd mübarizə aparacaq. Bu da avtomatik olaraq keçid ballarının qalxmasına səbəb olur. Digər bir amil isə plan yerlərinin sayı həlledici rol oynayacaq. Əgər müraciət edənlərin sayı artdığı halda plan yerləri eyni qalarsa və ya azaldılarsa, xüsusilə, prestijli ixtisaslarda ballar ciddi şəkildə yüksələ bilər. Hətta əvvəlki illərdə nisbətən aşağı balla qəbul mümkün olan ixtisaslarda belə bal artımı müşahidə edilə bilər. Qeyd etməliyik ki, yüksək nəticələr abituriyent üçün üstünlük kimi görünsə də, ümumi mənzərə baxımından bu daha sərt və seçici qəbul prosesi deməkdir. Ona görə də, ixtisas seçimi zamanı yalnız bal deyil, əvvəlki illərin keçid balları, plan yerləri və əmək bazarındakı perspektivlər də mütləq nəzərə alınmalıdır.III IV və V ixtisas qrupları üzrə balların artımı bir neçə əsas amilin üst-üstə düşməsi ilə şərtlənir və bu amillər bu qruplarda təsiri daha qabarıq göstərir. Birinci amil kimi sənəd qəbulunda iştirak edənlərin sayının artmasıdır. Son illərdə xüsusilə III və IV qruplara maraq yüksəkdir. Hüquq, beynəlxalq münasibətlər, psixologiya, jurnalistika, filologiya, müəllimlik ixtisasları geniş auditoriyanı cəlb edir. Müraciət edənlərin sayı artdıqca eyni plan yerləri uğrunda rəqabət güclənir və nəticədə keçid balları yüksəlir.İkinci amil plan yerlərinin azaldılmasıdır. Əmək bazarında humanitar sahələr üzrə tələbatın zəifləməsi ali məktəblərdə bu istiqamətdə plan yerlərinin ixtisarına gətirib çıxarır. Təklif azalır, tələbat isə qalır və ya artır bu da balların artmasını qaçılmaz edir. Bu təsir əsasən III və IV qruplarda hiss olunur. Üçüncü amil buraxılış imtahanı nəticələrinin ümumi yüksəlməsi dir. Buraxılış imtahanlarından toplanan ballar qəbul balına birbaşa təsir etdiyindən, orta göstəricinin yüksəlməsi bütün qruplarda balların artmasına səbəb olur. Dördüncü amil V ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb etmətən ixtisaslara daha çox maraq göstərilməsi də bu qrupda balların kifayət qədər yüksək olmasına gətirib çıxarır. Qabiliyyət imtahanı vermək istəməyən abituriyentlərin böyük hissəsi V qrupun bu tip ixtisaslarına üstünlük verir. Bu isə həmin ixtisaslarda sıxlıq yaradır və keçid ballarını yüksəldir. Bəzi hallarda yüksək bal toplayan bir çox abituriyent risk etməmək üçün daha aşağı reytinqli, amma perspektivli hesab etdikləri ixtisasları seçir. Bu davranış da əvvəlki illərlə müqayisədə balların artmasına səbəb olur.

Nəticə etibarilə, III IV və V qruplarda bal artımı tək bir səbəblə deyil, sənəd qəbulunda iştirak edən abituriyentlərin sayının artması, plan yerlərinin sayının dəyişməsi, imtahan nəticələri və abituriyent davranışlarının birgə təsiri ilə formalaşır".

 

 

Mövzu ilə bağlı Riyaziyyat fənnini tədris edən müəllim Araz Səfərəliyev bildirib ki, bu il şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsi ötən illərlə müqayisədə bir qədər daha sistemli görünür:

 

"Xüsusilə, onlayn resursların, sınaq imtahanlarının və mövzu izah videolarının çoxalması şagirdlərin mövzuları daha yaxşı mənimsəməsinə kömək edir. Amma bu, bütün şagirdlərə eyni dərəcədə aid deyil. Güclü motivasiyası olan və mütəmadi çalışan şagirdlərdə ciddi irəliləyiş var, zəif nəzarət olunanlarda isə hələ də boşluqlar qalır. Ümumilikdə desək, orta göstərici əvvəlki illərə nisbətən bir az yüksəkdir, amma nəticə əsasən şagirdin şəxsi əziyyətindən asılıdır".

 

Mövzu ilə bağlı bu ilin qəbul imtahanında iştirak edəcək abituriyent Duyğu Mustafayeva bildirib ki, rəqabətin artacağı xəbərləri məni bir az daha ciddi işləməyə vadar edir:

 

"Əvvəllər “bəs edər” deyə düşündüyüm bal artıq kifayət etməyə bilər, ona görə də hədəfimi yüksəltmişəm. İxtisas seçimində də daha real davranmağa çalışıram: həm marağımı, həm də keçid ballarını nəzərə alıram. Riskli seçimlərlə yanaşı, ehtiyat variantlar da əlavə etmişəm. Hazırlıq strategiyamda isə daha çox sınaq imtahanlarına diqqət edir, zəif olduğum mövzuları ayrıca işləyirəm. Çünki başa düşürəm ki, bu il fərqi xırda detallar müəyyən edəcək".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər