\"Bu il Azərbaycanda 6 ana ölümü baş verib\" - Komissiya sədri
\"Bu il Azərbaycanda 6 ana ölümü baş verib.\"
İnformator xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyasının sədri Leyla Rzaquliyeva deyib.
O bildirib ki, bu il baş verən ana ölümlərindən üçü tam araşdırılıb: \"Digər üç ana ölümü isə hələ Komissiyadan keçməyib. Anatomik-pataloji nəticələri gözləyirik. Onlardan bir neçəsi mütəmadi nəzarətdə olmayıb. Həkimə gec müraciət ediblər. Digər tərəfdən də lazımsız müalicə alıblar\".
L. Rzaquliyeva Azərbaycanda ana ölümlərinin ildən-ilə azaldığını söyləyib: \"Ana ölümlərində həkim səhvləri var. Amma qadınların, onların ailə üzvlərinin də səhvləri olur. Əgər 3 ölüm faktı varsa, 300 kritik vəziyyətdən çıxan analarımız var. Hazırda kritik vəziyyətləri öyrənən Komissiyanın yaradılması istiqamətində iş aparılır”.
