Bu il yağıntılar niyə artıb? - Meteroloqdan AÇIQLAMA
Son zamanlar ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar və tez-tez baş verən leysanlar cəmiyyətdə bu hava hadisələrinin səbəbləri ilə bağlı sualları artırıb. Mütəxəssislər iqlim dəyişiklikləri ilə yanaşı, digər amillərin də bu proseslərə təsirini müzakirə edirlər.
Maraqlıdır, ötən illərlə müqayisədə bu il yağıntıların bol olması və leysanların daha güclü və tez-tez müşahidə edilməsinin əsas səbəbləri nələrdir? Dünyanın müxtəlif bölgələrində gedən müharibələrin atmosferə və iqlim proseslərinə hər hansı təsiri ola bilərmi?
Suallarımızı cavablandıran meteroloq Cavid Hüseynov İnformator.az-a açıqlamasında bildirib ki, son illərdə müşahidə olunan meteoroloji hadisələr, xüsusilə də yağıntıların kəmiyyət və keyfiyyət dəyişikliyi, həm elmi ictimaiyyəti, həm də sadə vətəndaşları ciddi şəkildə düşündürür. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə leysan yağışlarının intensivləşməsi və təkrarlanma tezliyinin artması təsadüfi bir anomaliya deyil, qlobal iqlim sistemində baş verən fundamental transformasiyanın nəticəsidir:
“Yağıntıların bol və leysan xarakterli olmasının əsasında fizika elminin təməl prinsiplərindən olan qanunauyğunluğa görə, atmosferin temperaturu yüksəldikcə, onun saxlaya biləcəyi su buxarının miqdarı eksponensial şəkildə artır. Atmosferdəki hər 1°C-lik qlobal istiləşmə, havanın rütubət saxlama qabiliyyətini təxminən 7% artırır. Nəticədə, atmosfer daha böyük miqdarda rütubəti "yığa bilir" və müəyyən bir enerji təsiri altında bu rütubət qısa müddətdə, çox şiddətli leysan şəklində yerə boşalır. Bu, sadəcə "çox yağış" demək deyil, həm də yağışın düşmə forması və sürətinin dəyişməsi deməkdir. Dünya okeanının istiləşməsi buxarlanma prosesini sürətləndirir və atmosferə daimi rütubət dövranını təmin edir. Eyni zamanda, qlobal istiləşmə atmosfer dövranının əsas hərəkətverici qüvvəsi olan şırnaq axınlarda (jet streams) deformasiyaya səbəb olur. Bu axınların sürətinin azalması, hava sistemlərinin ("bloklama effekti") müəyyən bir coğrafi ərazi üzərində uzun müddət qalmasına gətirib çıxarır. Nəticədə, bir bölgədə uzun müddətli, ekstremal leysanlar müşahidə olunarkən, digər bölgədə quraqlıq hökm sürür”.
Meteroloq qeyd edib ki, insan fəaliyyətinin bir qolu olan hərbi əməliyyatların iqlimə birbaşa "yağış yağdırmaq" kimi gücü olmasa da, onların atmosferin kimyəvi tərkibi və enerji balansı üzərində əhəmiyyətli dolaylı təsirləri vardır:
“Müharibə fəaliyyətlərinin iqlimə təsiri aerozol fizikası və radiasiya balansı baxımından qiymətləndirilir. Belə ki, müharibə nəticəsində atmosferə atılan his, toz və digər yanma məhsulları (aerozollar) bulud damcılarının formalaşmasına təsir edir. Onlar "bulud kondensasiya nüvələri" rolunu oynayaraq, yağıntının düşdüyü ərazini və intensivliyini dəyişə bilər. Həmçinin, yanğınlar nəticəsində yaranan qara his (black carbon) qar və buzlaqların üzərinə çökərək onların günəş şüalarını əks etdirmə qabiliyyətini (albedo) azaldır. Bu isə yerli və qlobal istiləşməni sürətləndirən müsbət əks-əlaqə yarada bilər. Hərbi texnikalardan atmosferə atılan CO2 və metan, uzunmüddətli perspektivdə atmosferin istilik effektini artıracaq. Son zamanlar müşahidə etdiyimiz leysan və qeyri-adi yağış rejimləri, qlobal ekosistemin "müasir normalı"dır. Müharibələr bu prosesin katalizatorlarından biri kimi çıxış edərək, onsuz da pozulmuş olan iqlim balansını daha da gərginləşdirəcək”.

Təhminə Abdurəhimova