“Bu müharibənin artıq bitməsinə ehtiyac var” - ŞƏRH
“Ukraynada müharibənin dayandırılması üzrə danışıqlar ABŞ və dünyanın diqqətini özünə çəkən İran ətrafında yaranmış münaqişə səbəbindən dalana dirənib”, - deyə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a bildirib ki, Yaxın Şərqdə gedən proseslər, yəni İran, İsrail, ABŞ arasında baş verən qarşıdurma bütün fikirləri və nəzarəti öz üzərinə çəkib və bununla da Ukrayna-Rusiya savaşı bir qədər arxa plana keçib:
“Çünki Yaxın Şərqdə gedən proseslər bugünkü gündə daha çox qabarıb və iqtisadi baxımdan da daha çox nəzərə alınıb. Çünki Hörmüz boğazının bağlanması dünya yanacaq sistemində böyük bir böhrana, qiymətlərin artımına gətirib çıxarıb və bununla da üçüncü dünya savaşının Yaxın Şərqdə başlaması haqqında danışılmağa başlanıb. Və bununla da bütün fikirlər ora yönəlib. Həm Amerika tərəfindən, həm də digər Avropa ölkələri tərəfindən. Bu da təbii ki, Ukrayna-Rusiya savaşında Rusiyanın Ukrayna ilə baş-başa qalmasına gətirib çıxarıb ki, bu da təbii ki, Ukraynanın istədiyi bir məsələ deyil. Yəni bu gün hər iki ölkə, əslində artıq uzun zamandır çox çətin bir vəziyyətdədir. Həm Ukrayna, həm də Rusiya çox çətin bir vəziyyətdədir. Həm iqtisadi baxımdan, həm də hərbi baxımdan”.
Həmçinin şərhçi qeyd edib ki, bugünkü gündə bu iki ölkənin müharibə aparmasının və danışıqlara getməməsinin əsas səbəblərindən biri Avropa Birliyi və Amerikadır:
“Çünki bundan öncəki danışıqlarda, yəni İstanbul danışıqlarında Zelenskinin bu münaqişədə razılığa gələ biləcəyi addımlar atması bəlkə də mümkün olsaydı da, Qərb buna imkan verməyib və bu gün də vəziyyət elə bir həddə gəlib çatıb ki, beş ildir bu müharibə davam edir. Təbii ki, bu müharibənin getməsi hər iki ölkəni iqtisadi-siyasi və hərbi baxımdan tükəndirib və bu müharibənin artıq bitməsinə ehtiyac var. Görürsünüz ki, Vladimir Putin özü Pasxa ilə bağlı bir neçə günlük atəşkəs elan etmək niyyətində olub. Bunu Putin Donald Trump ilə danışığında da deyib və bunlar nəticə etibarilə göstərir ki, bu gün artıq bu müharibə ilə bağlı Zelenski və Putininin ortaq fikir mübadiləsinə keçmək, danışıqlar masasına oturmaq çox vacibdir. Zelenski də anlamalıdır ki, bugünkü vəziyyətdən öz ölkəsi üçün daha xeyirli şəkildə çıxış yolu tapmalıdır. Təbii ki, heç kim demir ki, torpaqlar hansısa bir ölkəyə verilməlidir. Ancaq bugünkü nizamda, yəni mövcud vəziyyətdə müəyyən qurbanlara gedilməsi qaçılmaz ola bilər və bununla da bu müharibənin dayandırılması üçün irəliləyiş əldə oluna bilər. Ancaq Rusiya bunu yalnız atəşkəs kimi deyil, müharibənin tamamilə dayandırılması və sülh müqaviləsinin bağlanması kimi görmək istəyir. Bunu da təbii ki, görürük ki, Rusiya-Ukrayna savaşı fonunda Rusiya bu mövqedə qalır”.
Aytac İbrahimova