00:00:00
Yazar
Admin User
03.02.2026 17:04 47 2 dəq oxuma
Siyasət

Bu proses Azərbaycanın xarici siyasətində geniş regional baxışın formalaşdığını göstərir

Bu proses Azərbaycanın xarici siyasətində geniş regional baxışın formalaşdığını göstərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, bu səfər və aparılan müzakirələr iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün ciddi potensialın mövcud olduğunu göstərir:

 

“İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və ölkə rəhbəri ilə müzakirə edilən məsələlər onu deməyə əsas verir ki, bir neçə il sonra Azərbaycanla BƏƏ arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək qədər potensiala malikdir. Enerji məsələləri ilə yanaşı, dolayısı ilə iqtisadi sahədə də ciddi əməkdaşlıq qurulub. Son dövrdə müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib və bu istiqamətdə müəyyən qərarlar əldə olunub. Bu proses Azərbaycanın xarici siyasətində geniş regional baxışın formalaşdığını göstərir. Azərbaycan artıq özünü yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, Yaxın Şərqdə də dünya siyasətində təmsil oluna biləcək aktor kimi görür. Bu yanaşma coğrafi deyil, iqtisadi və siyasi reallıqlardan irəli gəlir. Azərbaycanın regional mövqeyi bu marağı zəruri edir. Azərbaycan Yaxın Şərqin əsas ölkələri olan Türkiyə və İranla birbaşa sərhədlərə malikdir. Türkiyə ilə müttəfiqlik münasibətləri mövcuddur, İranla isə əməkdaşlıqla yanaşı müəyyən risklər də müşahidə olunur”.

 

Politoloqun fikrincə, Yaxın Şərqin həm böyük iqtisadi potensialı, həm də ciddi riskləri var və Azərbaycan bu prosesləri yaxından izləməkdə maraqlıdır:

 

“Regionda baş verən dəyişikliklər sərhəd ölkələrə də təsir edə bilər. BƏƏ kimi iqtisadi mərkəzlərlə əlaqələr Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, müdafiə sahəsində əməkdaşlıq da yeni mərhələyə keçə bilər. Həm Azərbaycanın, həm də BƏƏ-nin müdafiə sahəsində ciddi investisiyaları var. Bu, iki ölkəyə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək imkanı yaradır. Azərbaycan-BƏƏ münasibətləri risklərdən çox faydalar vəd edir. Bu iki ölkə arasında etnik, dini və ya siyasi ziddiyyət yoxdur. Münasibətlər tamamilə qarşılıqlı fayda prinsipi üzərində qurulub və gələcəkdə daha da təkmilləşdirilə bilər”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər