Bu, Qarabağda ən ciddi humanitar çağırış olaraq qalır
Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır.
"İnformator.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxış edərkən deyib.
H.Hacıyev bildirib ki, 1,5 milyondan çox mina bu ərazilərə yerləşdirilib:
“Bu, Azərbaycan ərazisinin təxminən 12-13 faizini əhatə edir. Təəssüf ki, bəzi ərazilərə mina təhlükəsinə görə giriş mümkün deyil”.
Prezidentin köməkçisi həmçinin itkin düşmüş şəxslər probleminin hələ də açıq qaldığını diqqətə çatdırıb:
“Biz hələ də 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı cavab ala bilməmişik. Kütləvi məzarlıqları və şahidləri axtarmağa davam edirik”.
Hikmət Hacıyev bu məsələ ilə bağlı Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinə də müraciət etdiyini vurğulayıb:
“Mən Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən dəstək istəmişəm ki, 30 ildən çoxdur yaxınlarından xəbər gözləyən ailələr müəyyən məlumat əldə edə bilsinlər”.