“Bu səfər mövcud xəttin güclənməsi kimi qiymətləndirilməlidir”-ŞƏRH
Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfər edib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Andrey Babişin Azərbaycana səfəri simvolik baxımdan diqqətçəkəndir:
“Bunu Azərbaycan–Avropa İttifaqı münasibətlərində ‘yeni mərhələ’ kimi təqdim etmək bir qədər şişirdilmiş hesab oluna bilər. Daha real qiymətləndirsək, bu səfər Avropa İttifaqına üzv dövlətlər daxilində Azərbaycanın artan strateji əhəmiyyətinin növbəti təsdiqidir.
Xüsusilə enerji təhlükəsizliyi, Orta Dəhliz və regional sabitlik kontekstində Azərbaycan artıq selektiv tərəfdaşlıq modeli əsasında Avropa ölkələri ilə əlaqələrini dərinləşdirir. Bu baxımdan, Çexiyanın hökumət başçısının səfər çərçivəsində Bakıya gəlməsi Azərbaycanın Cənubi Qafqazda sabit platforma və əlaqələndirici rol oynayan tərəf kimi qəbul edildiyini göstərir.
Burada söhbət sistemli dəyişiklikdən çox, mövcud xəttin güclənməsindən gedir”.
Politoloq qeyd edib ki, Çexiya–Azərbaycan münasibətlərinə gəldikdə isə əməkdaşlıq daha çox praqmatik və sektorlar üzrə formalaşır:
“Təhlükəsizlik sahəsində bu əlaqələr NATO çərçivəsində dolayı koordinasiya, enerji infrastrukturunun qorunması və regional sabitlik məsələləri üzərindən qurulur, lakin dərin hərbi-strateji ittifaq səviyyəsində deyil. Diplomatik müstəvidə isə qarşılıqlı səfərlər, iqtisadi və enerji layihələri əsas rol oynayır.
Bu tip regional səfərlər Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursuna uyğun olaraq müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq imkanlarını genişləndirir. Nəticə etibarilə, belə diplomatik aktivlik regionda güc balansını kəskin dəyişmir, lakin Azərbaycanın çoxvektorlu siyasətini daha da gücləndirir və ölkənin həm Qərb, həm də Mərkəzi Asiya ilə əlaqələrdə körpü rolunu möhkəmləndirir”.
Nuray Əliyeva