“Bu səfər Pakistan-Rusiya münasibətlərində yeni fazanın başlanğıcıdır” - ŞƏRH
“Pakistan Baş naziri Şahbaz Şərif 2026-cı ilin ilk yarısında Rusiyaya səfər etməyi planlaşdırır”, - deyə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi məlumat verib.
Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Şahbaz Şərifin Rusiyaya planlaşdırılan səfəri və Vladimir Putinlə görüş perspektivi əslində iki ölkə münasibətlərində yeni fazanın formalaşmasına işarə edir:
“Birincisi, bu səfər Pakistan-Rusiya münasibətlərini ənənəvi siyasi dialoqdan çıxarıb daha çox iqtisadi və enerji əməkdaşlığı müstəvisinə keçirə bilər. Xüsusilə enerji, logistika və müdafiə sənayesi sahələrində konkret layihələrin gündəmə gəlməsi gözləniləndir. Pakistanın enerji çatışmazlığı fonunda Rusiya ilə daha sıx əməkdaşlıq İslamabad üçün strateji alternativ yaradır, Moskva isə Cənubi Asiyada təsir imkanlarını genişləndirir. İkincisi, bu yaxınlaşma geosiyasi balans baxımından da əhəmiyyətlidir. Pakistan ənənəvi olaraq Qərb və Çin arasında balans siyasəti aparırdı. Rusiya ilə münasibətlərin dərinləşməsi isə bu balansı daha çox çoxtərəfli siyasətə çevirir. Bu, xüsusilə də, Qərb-Rusiya qarşıdurması fonunda Moskva üçün də diplomatik uğur kimi qiymətləndirilə bilər. BRICS kontekstinə gəldikdə isə bu dinamika əlavə imkanlar yaradır. Pakistan hələ BRICS üzvü deyil. Lakin Rusiya ilə yaxınlaşma onun gələcəkdə bu platformaya inteqrasiyası və ya ən azı BRICS ölkələri ilə paralel iqtisadi əməkdaşlıq mexanizmlərinə qoşulması üçün zəmin yarada bilər. Ticarət, maliyyə alternativləri və regional nəqliyyat layihələri baxımından bu istiqamət perspektivlidir. Səfər təkcə ikitərəfli münasibətlərin aktivləşməsi deyil, həm də Pakistanın daha geniş geosiyasi və iqtisadi bloklarla əlaqələrinin yenidən formatlanması baxımından əhəmiyyət daşıyır”.
Nuray Əliyeva