00:00:00
Yazar
Elmira Ağayeva
04.08.2026 21:01 58 2 dəq oxuma
Siyasət

“Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi qərardır”-ASİF İBRAHİMOV

“Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi qərardır”-ASİF İBRAHİMOV

Gürcüstanın Kulevi neft emalı zavodunu idarə edən “Black Sea Petroleum” MMC (BSP), Rusiyadan xammaldan imtina etmək planı fonunda Qazaxıstan neftinin emalına başlandığını və bu ay Liviyadan neftin gəldiyini açıqlayıb.
Bu barədə şirkətin saytında dərc olunmuş açıqlamada bildirilir.


Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki,Gürcüstanın Rusiya mənşəli xammaldan mərhələli şəkildə uzaqlaşaraq Qazaxıstan və Liviya neftinə üstünlük verməsi təkcə kommersiya qərarı deyil:


“Bu, həm də geosiyasi və enerji təhlükəsizliyi baxımından strateji seçimdir.Burada birinci məsələ enerji təhlükəsizliyidir. Enerji sektorunda ən böyük risk tək mənbədən asılılıqdır. Bir ölkə neft və ya qaz baxımından yalnız bir təchizatçıya bağlı qalanda, həmin təchizatçı qiymətə, tədarükə və hətta siyasi qərarlara təsir etmək imkanı qazanır.Gürcüstan məhz bu riski azaltmağa çalışır. Qazaxıstan, Liviya və digər alternativ mənbələrdən xammal qəbul etməklə tədarük zəncirini şaxələndirir. Bu isə gələcəkdə mümkün geosiyasi gərginliklər və ya sanksiyalar fonunda ölkənin enerji təhlükəsizliyini gücləndirir”.

 

Asif İbrahimov qeyd edib ki, burada ikinci məsələ isə iqtisadi səmərəlilikdir:


“Əgər Qazaxıstan nefti beynəlxalq bazar qiymətlərinə uyğun və logistika baxımından rəqabətqabiliyyətli şərtlərlə Gürcüstana çatdırılırsa, bu, zavodun fəaliyyətinin davamlılığını təmin edir. Zavodun işləməsi isə vergi daxilolmaları, ixrac gəlirləri, valyuta axını və məşğulluq deməkdir.Bundan əlavə, Kulevi neft emalı zavodunun müxtəlif ölkələrdən xammal qəbul edə bilməsi onun bazar risklərini azaldır və rəqabət qabiliyyətini artırır. Müxtəlif mənbələr arasında seçim imkanı olan müəssisə qiymət dəyişikliklərinə daha çevik reaksiya verə bilir.Amma burada bir məqam da var. Qazaxıstan neftinin nəqli əsasən Xəzər dənizi, Azərbaycan ərazisi və Qara dəniz üzərindən həyata keçirilir. Logistika xərcləri Rusiya marşrutu ilə müqayisədə bəzi hallarda daha yüksək ola bilər. Buna baxmayaraq, bir çox ölkələr artıq daha ucuz xammaldan deyil, daha təhlükəsiz və dayanıqlı təchizat modelindən çıxış edirlər.Bu qərar göstərir ki, müasir dövrdə enerji siyasəti artıq yalnız qiymət məsələsi deyil. Enerji təhlükəsizliyi, geosiyasi risklərin idarə olunması və iqtisadi dayanıqlılıq ən az qiymət qədər əhəmiyyət kəsb edir.Gürcüstanın atdığı addım qısamüddətli dövrdə müəyyən əlavə logistika xərcləri yaratsa da, uzunmüddətli perspektivdə enerji müstəqilliyini gücləndirən, investisiya mühitini yaxşılaşdıran və iqtisadi riskləri azaldan strateji qərar kimi qiymətləndirilə bilər”.

Nuray Əliyeva

#Azərbaycan #Gürcüstan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər