00:00:00
Yazar
Admin User
03.02.2026 16:54 43 2 dəq oxuma
Siyasət

"Bu, Ukrayna cəmiyyətinə və beynəlxalq aktorlara açıq siqnaldır"

"Bu, Ukrayna cəmiyyətinə və beynəlxalq aktorlara açıq siqnaldır"

 

NATO-nun baş katibi Mark Rutte Kiyevə səfər edəcək və Ukrayna Ali Radasında çıxış edəcək. Bu barədə Ali Rada deputatları Yaroslav Jeleznyak və Aleksey Qonçarenko məlumat veriblər.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a bildirib ki, NATO-nun baş katibi Mark Ruttenin Kiyevə səfər edərək Ukrayna Ali Radasında çıxış etməsi alyansın Ukraynaya dəstəyinin simvolik deyil, institusional xarakter daşıdığını göstərir. Bu səfər Ukrayna-NATO münasibətlərinin artıq texniki əməkdaşlıq mərhələsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirir:

 

“Xüsusilə, parlament tribunasından səslənəcək fikirlər Ukraynanın alyansla münasibətlərində geri dönüşün olmadığını və Qərbin Kiyevi uzunmüddətli təhlükəsizlik arxitekturasının bir hissəsi kimi gördüyünü açıq şəkildə ortaya qoyur. NATO baş katibinin müharibə şəraitində olan ölkənin qanunverici orqanında çıxış etməsi həm Ukrayna cəmiyyətinə, həm də beynəlxalq aktorlara ünvanlanan mühüm mesajdır. Bu, Ukrayna cəmiyyətinə və tərəddüd edən beynəlxalq aktorlara açıq siqnaldır ki, Qərb Kiyevə dəstəkdə davamlıdır. Səfər eyni zamanda, Rusiyanın regiondakı hərbi və siyasi mövqeyinə yönəlmiş mesaj kimi də oxunur. Bu addım Moskva üçün NATO-nun ‘yorulmadığını’ və Ukrayna məsələsində geri çəkilmək niyyətində olmadığını göstərir. Bu, Rusiyanın Qərbin dəstəyini zəiflətmək strategiyasına qarşı siyasi və psixoloji cavabdır. Ruttenin Kiyevdə olması Rusiyanın hərbi üstünlük iddialarını zəiflədən, siyasi baxımdan isə onu daha sərt mövqelərə sıxışdıran amil kimi qiymətləndirilə bilər”.

 

Politoloq əlavə edib ki, NATO baş katibinin Ukrayna Ali Radasında çıxışı ölkənin Avropa inteqrasiyası və təhlükəsizlik siyasəti baxımından da xüsusi əhəmiyyət daşıyır:

 

“Bu, Ukraynanın təhlükəsizlik seçiminin artıq parlament səviyyəsində də beynəlxalq legitimlik qazandığını göstərir. NATO ilə inteqrasiya təkcə hökumətin deyil, dövlətin strateji xətti kimi təqdim olunur. Bu yanaşma həm daxili siyasi konsolidasiyanı gücləndirir, həm də Avropa strukturlarına Ukraynanın gələcəyini geri dönməz şəkildə Qərb təhlükəsizlik sistemi ilə bağladığı mesajını verir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər