00:00:00
Yazar
Admin User
04.02.2026 15:48 130 2 dəq oxuma
Siyasət

“Bu ziddiyyətlər danışıqlar prosesini çətinləşdirən əsas amillərdən biridir”

“Bu ziddiyyətlər danışıqlar prosesini çətinləşdirən əsas amillərdən biridir”

Ukrayna böhranının həlli məqsədilə tərəflər arasında diplomatik danışıqlar mərhələsi başlayıb. Görüşlərdə atəşkəsin şərtləri, təhlükəsizlik təminatları və gələcək siyasi nizamlanma məsələlərinin müzakirə olunacağı gözlənilir.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında qeyd edib ki, proses çərçivəsində Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli görüşlərin keçirilməsi planlaşdırılır:


“Danışıqların ilk mərhələsində ABŞ–Ukrayna görüşü baş tutacaq, daha sonra isə Rusiya tərəfinin iştirakı ilə üçtərəfli format işə düşəcək. ABŞ nümayəndə heyətinin yüksək səviyyədə təmsil olunması Vaşinqtonun prosesə xüsusi önəm verdiyini göstərir.
Danışıqların əsas gündəmini Rusiya–Ukrayna müharibəsi, atəşkəs mexanizmləri, qoşunların yerləşdirilməsi və Ukraynanın təhlükəsizlik zəmanətləri təşkil edir. Xüsusilə ərazi məsələsi danışıqların ən həssas və mürəkkəb mövzusu olaraq qalır. Ukrayna tərəfi ərazi bütövlüyü prinsipindən geri çəkilmək niyyətində olmadığını açıq şəkildə bildirir, Rusiya isə mövcud mövqelərindən imtina etməyə hazır görünmür. Bu ziddiyyətlər danışıqlar prosesini çətinləşdirən əsas amillərdən biridir. NATO və Avropa ölkələri Ukraynanın təhlükəsizliyi məsələsində daha aktiv mövqe tutmağa başlayıblar. NATO-nun baş katibi Mark Ruttenin Kiyevə səfəri və Ukrayna parlamentində səsləndirdiyi bəyanatlar alyansın Ukraynaya dəstəyinin davamlı xarakter daşıdığını göstərir. Eyni zamanda bəzi NATO üzvləri Ukraynaya təhlükəsizlik təminatları və mümkün hərbi iştirakla bağlı açıq müzakirələr aparır”.

 

Politoloqun fikrincə, ABŞ administrasiyası münaqişənin dayandırılması üçün alternativ mexanizmlər də nəzərdən keçirir:


“Bu çərçivədə Rusiyanın iqtisadi əlaqələrinin qismən bərpası və diplomatik blokadanın yumşaldılması ehtimalı gündəmdədir. ABŞ bu yolla Moskvanın mövqeyini yumşaltmağa və kompromisə cəlb etməyə çalışır. Lakin bu yanaşma həm Ukrayna daxilində, həm də Qərb ölkələrində birmənalı qarşılanmır. Danışıqların qapalı formatda keçirilməsi səbəbindən detallarla bağlı məlumatlar məhduddur. Buna baxmayaraq, hazırkı mərhələdə prosesin əsas xətti Ukraynanın təhlükəsizliyi, ərazi məsələləri və atəşkəsin real icra mexanizmləri üzərində cəmlənib. Danışıqların yaxın günlərdə hansı istiqamətdə irəliləyəcəyi beynəlxalq təhlükəsizlik mühitinə də ciddi təsir göstərəcək”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər