Budanov: Müharibə uzun müddətdir ki, dalana dirənib
Rusiyanın Ukraynaya qarşı müharibəsi çoxdan strateji çıxılmaz vəziyyətə düşüb, lakin rəsmi Kreml hələ də məqsədlərinə hərbi yolla çata biləcəyinə inanır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki,Kirilo Budanovun müharibənin dalana dirənməsi ilə bağlı səsləndirdiyi bu bəyanat həm hərbi, həm də siyasi müstəvidə tərəflərin strategiyalarına bir sıra mühüm təsirlər göstərə bilər:
“İlk növbədə, bu cür açıqlamalar Ukrayna cəmiyyətində və Qərb müttəfiqləri arasında uzunmüddətli müharibəyə psixoloji hazırlıq yaradır, eyni zamanda mövcud status-kvonun dəyişməsi üçün yeni hərbi-texnoloji həllərin və dəstəyin vacibliyini önə çəkir. Rusiya tərəfi üçün isə bu bəyanat rəsmi Moskvanın hələ də hərbi təzyiqi davam etdirmək əzmində olduğunu göstərsə də, beynəlxalq səviyyədə Kremlin resurslarının məhdudlaşması və strateji məqsədlərinə çata bilməməsi tezisinin güclənməsinə xidmət edir. Eyni zamanda, bu cür qiymətləndirmələr diplomatik təşəbbüslərin və gələcək danışıqlar prosesinin konturlarının cızılmasında psixoloji fon rolunu oynaya bilər, çünki hər iki tərəf döyüş meydanında həlledici üstünlük əldə edə bilmədiyi şəraitdə həm daxili resursların qorunması, həm də beynəlxalq dəstəyin davamlılığı uğrunda mübarizəni gücləndirmək məcburiyyətində qalır”.