Budurmu məzmun, forma dəyişikliyi?
“Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra sovet rejimi və ideologiyasının təbiətindən doğan mənfur siyasəti” nəticəsində yalnız görkəmli ziyalılarımız deyil, milli-mənəvi dəyərlərimizdə repressiyanın qurbanı oldu. Təəssüf ki, bunu 1988-91-ci illərdə hələ də dərk etməyən (daha doğrusu etmək istəməyən) yazarlarımız var idi. Onlar doğrudanmı milli şüurun, təfəkkürün, dirçəlişin, hərəkatın meydana gəlməsini görmürdülər? Bunu sovet hökumətinə olan sevgilərindən (?!) və yaxud qorxusundan görmək istəmirdilər. Təbii qorxusundan.
“İşıq” jurnalının ötən saylarında çap olunan məqalələrimdən birində qeyd etmişdim ki, bu gün nəşr edilən “İşıq” jurnalı nə “Şərq qadını”, nə də “Azərbaycan qadını” jurnallarının davamçısı deyil. Çünki, “Şərq qadını”da, “Azərbaycan qadını”da ilk saylarından son saylarına kimi sosializmi, təkpartiyalı sistemi, marksizm-leninizm nəzəriyyəsini, bir sözlə sovetləri təbliğ edib. Buna inanmayan və etraz edənlərdə oldu və bildirdilər ki, 1988-89-cu illər də yəqin ki, belə məzmunda çıxmayıblar. Təəssüflər, çox-çox təəssüflər ki, nəyinki, 1988-89-cu illərdə, hətta 1990-91-ci illərdə belə sovetlərin, onun qurucularının şanına-şöhrətinə həsr edilən yazılar “Azərbaycan qadını” jurnalında saysız-hesabsızdır. Halbu ki, bu zaman ölkəmizdə “başlayan mitinqlər sürətlə xalq azadlıq hərəkatı xarakteri alır və yüksələn xətlə inkişaf edirdi”. Bu isə jurnalın səhifələrində qətiyyən hiss edilimirdi.
İndi onlardan bir necə ilə Sizləri tanış etmək istərdim. Aşağıda qeyd etdiyim illər jurnalın redaktoru yenə də Xalidə Hasilova olub.
Jurnalın 1988-ci il noyabr (№11) sayı. Jurnal “Oktyabr ideyaları yenidənqurma işlərimizdə” adlı baş məqalə ilə açılır və sonuncu yazısına kimi də oktyabr, Lenin, Kommunist Partiyası ab-havası ilə davam edib.
1988-ci ilin noyabrı. Ermənistandan doğma ata-baba yurdundan qovulan, şəhid edilən on minlərlə azərbaycanlının aç taleyi. Meydan və Azadlıq hərəkatının tüğyan etdiyi ay. Azərbaycan xalqının tarixində və taleyində silinməz iz buraxan hadisələr. Doğrudanmı jurnalın rəhbərliyi və əməkdaşları bu hadisələri görmürdülər? Yox əgər görürdülərsə, bəs onda nə üçün yenə də sosializmin kommunizmin, Lenin babanın şərəfinə məttahlıq edirdilər? Axı, şanına-şöhrətinə tərif yağdırdıqlarının himayəsi ilə ermənilər on minlərlə azərbaycanlını yurd-yuvasından didərgin salmış, şəhid etmiş.
Jurnalın 1989-cu ildə çıxan ilk və son saylarına diqqət yetirək. 1989-cu il fevral (№2) sayı. Əksər məqalələr sosilaizmin qurucusu V.İ.Leninin ömür yoldaşı N.K. Krupskaya həsr edilib (daha doğrusu tərif deyilib). Yenə də jurnalın rəhbərliyi ölkəmizdə baş verən prosesləri sanki nə görürdü, nə də eşidirdi.
1989-cu il sentyabr (№9) sayı. Bu sayda həm dövrün görkəmli jurnalisti, publisisti, həm də jurnalın məsul katibi Sabir Gəncəlinin (Məmmədov) “Böyük bir nəslin faciəsi” adlı məqaləsi nəşr edilib. Sabir müəllimin böyük şəxsiyyətlər adlandırdığı Ayna və Həmid Sultanovlar Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratmaq, ölkəni işğal etmək, ölkədə ruslaşma siyasətini aparmaq üçün Rusiyanın XI qırmızı ordusu ilə əlbir olaraq 1920-ci lin aprel işğalından 1937-ci ilin sonlarına kimi minlərlə günahsız insanları repressiyanın qurbanı etmədilərmi? Və yaxud o “böyük şəxsiyyət” Həmid Sultanov 1920-ci ilin mayında Gəncədə sovet rejiminin əlehinə baş verən xalq üsyanını yatırtmaq üçün “Gəncədə bir baş papaqlı qoymadım!” deyərək böyük qardaşalarından Qırmız Əmək Bayraqı ordenini alıb döşünə taxmadımı? Mərkəzdən daha yüksək vəzifələr və orden, medallar almaq üçün öz millətinin aydınlarını qurban verməkdən çəkinməyən bu “böyük şəxsiyyətlər”in 1989-90-ci illərdə təbliğinə ehtiyac var idimi? Belə faktlar yüzlərlədir. Onalrı sadalamaq nə bir məqalənin, nə də bir kitabın həcminə sığar.
1990-cı il yanvar-fevral (№ 2-3) sayları. Jurnalda Azərbaycan xalqının taleyində və tarixində “qanlı və şanlı iş qoyan” 20 yanvar faciəsinə cəmi 4-5 səhifə həsr edilib. Moskvanın riyakar siyasətini, qəzəbini, xalqımıza qarşı yaşatdığı faciəni gördükdən sonra, yenə də sosializmə həsr edilən yazılar verilirdisə buna nə ad vermək olar?
1991-ci il iyun (№6) sayı. Jurnalda əksər yazılar II Dünya müharibəsinin başlanmasının 50 illiyinə (daha dəqiq desək işğalıçı XI qırmızı ordunun şanına-şöhrətinə) həsr edilib). Halbu ki, bu zaman ölkəmizdə Qarabağ müharibəsinin ağrı-açıları tüğyan edirdi və elə bunun yaşanmasında jurnalın şanını-şöhrətini göylərə qaldırdığ XI qırmızı ordunun da dolayısı ilə “payı” var idi.
Jurnaı 1991-ci il avqust-sentyabr (№8-9) saylarında belə bir elan verib ki, “Jurnalımızın görkəmi də məzmunu da xeyli yaxşılaşdırılıb”. Görəsən jurnal rəhbərliyi jurnalın görkəminin və məzmununun xeyli yaxşılaşması deməkdə nəyi nəzərdə tuturdu? Axı “Azərbaycan qadını” jurnalının 1988-89-90-91-ci illər də işıq üzü görən saylarını gözdən kecirərkən inana bilmirsən ki, bu illər ölkəmizdə Milli Azadlıq hərəkatı, Qarabağ müharibəsi, yurd-yuvasını itirən minlərlə evsiz-eşiksiz didərginin fəryadı, Bakının komendatı general Dubinyakın özünün və əsgərlərinin xalqımıza olan nifrətli baxışları və daha nələr, nələr... Jurnal orqanı olduğu Kommunist Partiyasına olan sevgisindən bunları görə bilmirdi axı? Budurmu dəyişiklik?
Sovet imperiyasını dəstəkləyən bu “qələmdaşlarım” məncə unudurdular ki, artıq xalq oyanıb. Mücadiləyə qoşulan xalq dünənindən xəbər tutub. Onu istismar edəni, ikiyə böləni, azadlığını əlindən alanı, yəni dostunu, düşmənini çox yaxşı tanıyır. Odur ki, ha onun şanına-şöhrətinə tərif yağdırsalarda faydası olmadı.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
