00:00:00
Yazar
Admin User
10.12.2025 06:34 124 6 dəq oxuma
Maraqlı

Bunun başqa bir adı varmı...?

Bunun başqa bir adı varmı...?

Bəzi alim yoldaşlarım mənim sovet dövrü haqqında belə kəskin yazmağıma, fikir bildirməyimə irad tutaraq deyirlər: “o dövrün tələbləri elə idi onlar da ona uyğun yazırdılar”. Bəs milli ləyaqət, milli qürur! 

 

Ölkəmizdə sovet ideologiyasını, marksizm-leninizm nəzəriyyəsini, Kommunist partiyasının prinsiplərini qəbul edənlərlə yanaşı etməyənlər də olub. Təbii milli istiqlaliyyəti hər şeydən əziz, üstün tutanlar bolşeviklərə qarşı çıxdılar. Bəziləri sözü, bəziləri əməli ilə. Əhli-qələm isə bunu sözü ilə bildirdi. Professor Bədirxan Əhmədovun təbrincə desək “Ola bilməz ki, bir xalqın, millətin əbədi düşüncə tərzi bütünlüklə bir ideologiyanın ruporuna çevrilmiş olsun”. Ona görə də həmin dövrün ədəbiyyatı, mətbuatı, tarixi, ədəbi prosesi, tarixi şəxsiyyətlərinin, görkəmli yazarlarının yaradıcılığı, həyatı yenidən tamamilə obyektiv şəkildə tədqiqata cəlb edilməli və yeni nəsillərə çatdırılmalıdır. Ən əsası isə tədqiq və öyrənmə strategiyasında subyektizmə yol verilməməlidir.

 

“O zaman hamı belə yazırdı!” söyləməklə o dövrün ab-havasını qəbul etməyib ona qarşı mübarizə aparan və repressiya qurbanı olan qələm əhlimizə qarşı haqsızlıqdır. Əgər Hüseyn Cavid türkçülüyü, turançılığ təbliğ etməyib sosializmi təbliğ etsəydi uzaq Sibirdə donaraq ölməzdi. Mirzə Cəlil sovet ideologiyasının təbliğatçısı olsaydı ürəyi partlamazdı. Həmidə xanım Cavanşir (Məmmədquluzadə) Mir Cəfər Bağırov haqqında xatirələrini yazsaydı və o qulduru millət qəhrəmanına çevirsəydi, ömrünü çəhalət içində yox, yağ-bal içində kecirərdi. Belə faktlar yüzlərlədir. 

 

Deməli hamı dövrün tələbinə uyğun yazmayıb. Kimi üsyankarlıq edib repressiyanın qurbanı olub. Kimi susmağa üstünlük verib, kimi də dövrün təbliğatçısına (məttahına), tərənnümçüsünə çevrilib, ağa qara, qaraya ağ deyərək sosializm cəmiyyətinin qurulmasında canla-başla iştirak edib. Yeri gəldi-gəlmədi Lenini, Stalini, sosializmi, marksizmi-leninizmi tərənnüm edib. Hətta sosializmin qurucularını, rəhbərlərini canına, gözünə, sevgilisinə, valideyinlərinə bənzədənlərdə olub. Bu proses əsasən 1920-ci ilin son aylarından 1955-ci ilin əvvəllərinə kimi davam edib. Doğrudur 1960-70-ci illərdə, hətta 1980-ci ildə belə Leninə, sovetlərə poema qoşanlarımız da olub.

 

Qarşımda “Azərbaycan qadını” jurnalının 1938-ci ilin noyabrında çıxan (№12) sayı var. Jurnalın əvvəlki sayları kimi bu sayı da əsasən Stalinə həsr edilib. Onun uşaqlıq illəri, mübarizə dövrü və s. haqqında müxtəlif janrda yazılar, materiallar var. Məsələn, şair Cəfər Xəndanın “Stalin” şeirinə diqqət yetirək. Şair rəhbəri hətta əzizi, gözü, ürəyi adlandırır: “Əzizim Stalin, gözüm Stalin!” Səni gözümüzdən əziz tuturuq”-deyərək milyonların ona olan “sevgi”sindən (?) bəhs edir. “Onu sevənləri saymaq olmaz, sevgi dəryasında hüdut olarmı? soraraq Stalini günəşə, aya da bənzədir. Hətta onun günəşdən də aydan da uca olduğunu vurğulayır.    

 

Elə həmin sayda Səməd Vurğunun da rəhbərə həsr etdiy “Stalin qanunları” poemasından bir parça çap edilib. Şair yazır ki,

Stalin! Saxladın borandan, qardan

Ömür yoldaşımı, can sevgilimi.

Sən mənə qaytardın qəsibkarlardan

Ana torpağımı, ana dilimi,

Ömür yoldaşımı, can sevgilimi!”

 

Bəbir Məmmədzadə də bu zaman Cəfər Xəndan kimi ədəbi mühitə təzə gəlsə də mətbu orqanlarında az qala hər gün Stalinə qoşduğu şeirləri, poemaları ilə çap edilirdi. O, Stalini həqiqət, ədalət çarçısı kimi təqdim edərək yazırdı: 

Danış əziz Stalinim

Danış xalqın səadəti

Danış göstər bu aləmə

Həqiqəti, ədaləti    

Gənc şairə Sona Məmmədova da B.Məmmədzadə kimi hər gün Stalinə qoşduğu şeirlərlə, yazdığı məqalələrlə dövrü mətbuatda çap edilib. Gənc şairənin bu məzmunda şeirləri əsasən 1936, 37, 38, 39, 40 və 41-ci illərin dövrü mətbuatında yer alıb. Müəllifin “Azərbaycan qadını” jurnalında (1940-cı il mart №3) çap etdirdiyi “Stalinə” adlı şeiri sevgi məktubunu da xatırladır.

Stalin can, Stalin

Sənə qurban Stalin

Bizə gəlsən Stalin 

12 qurban kəsərəm

Ömrümün bağında güllü bahardır

Mən sənin eşqinə könül verəndən!

 

Xanımana Əlibəylinin  “xalqlar atası” adlandırdığı Stalinə həsr etdiyi şeirlər, hekayələr də jurnalın hər sayında öz yerini tutub. Bundan başqa gənc şairə Nigar Rəfibəylinin və gənc yazar Əbil Yusifin də Stalinə həsr etdikləri şeirləri var. Bu şeirlərdə Stalin şəxsiyyəti sanki göylərə qaldırılır və belə bir fikir təbliğ edilir ki, əgər sən olmasaydın Azərbaycan qadını bu qədər xoşbəxt olmazdı (!?). Sanki yazarlar “Stalin adı ilə nəfəs alır, Stalin epoxası ilə qidalanırdı”. Həqiqətən gülünc bir fikir deyilmi? 

 

“Xoşbəxt ölkəmizin, xoşbəxt qadınları yeni Stalin ilini nə ilə qarşılayırlar” sərlövhəli yazıdan belə bəlli olur ki, Stalin olmasaydı Azərbaycan qadını bu qədər xoşbəxt, bəxtəvər olmazdı. Məhz bu illərdə 1936, 37, 38, 39, 40-cı illərdə Stalinin “xeyir-duası” ilə minlərələ Azərbaycan qadınının ya özü, ya da ömür yoldaşı, qardaşı, atası, oğlu repressiyaya məruz qalmış, ocağı sönmüş, ailəsi dağılmış, övladları yetim qalmışdır. Bu qayğıdanmı, bu sevgidənmi danışırdı yazarlarımız. Axı onlar bu hadisələrin şahidi idilər. Bu fəlakətləri görürdülər.        

 

“Azərbaycan qadını” jurnalı da (“Şərq qadını” adı ilı çıxanda da) dövrün digər mətbuat orqanları kimi yalnız sosializmi, onun qurucularını, ideyalarını, prinsiplərini təbliğ edirdi. Bu təbliğat ifrat dərəcəyə çevrilsə də davam etməkdə idi. Jurnalda əsasən ailə, təlim-tərbiyyə, qadınlara məsləhət və s. mövzular üstünlük təşkil etməli olsa da, əksinə idi. Nəyinki, məzmunu, hətta forması da siyasi bir mətbuat orqanını xatırladırdı. Jurnalın həmin illərədə çıxan saylarının əksəriyyətinin üz qabığında Stalinin şəkli verilib. 30-35, bəzən isə 50-55 səhifə olan jurnalda çap edilən bütün materiallar Stalinə, Leninə, sosializmə, Kommunizmə, marksizm-leninizm nəzəriyyəsinə və digər rus inqilabçılarına və yaxud Sov. İK (b) P MK qurultaylarının, plenumlarının materiallarına həsr edilib. Məsələn, 1939-cu il mart (№3) sayında Stalinin MK etdiyi məruzəsi 8-ci səhifədən 29-cu səhifəyə qədər verilib. Və yaxud həmən ilin (№7-8) saylarında SSRİ Xalq Komissarları Sovetinin sədri və Xalq Xarici İşlər Komissarı V.M.Molotovun məruzəsi 3-31-ci səhifələri əhatə edir. Buna ehtiyac var idimi? 

 

Jurnalın həmin illərdə çıxan bütün sayları “Kommunizim bütün dünyada qalib gələcəkdir!” şüarı ilə tamamlanır və Stalin bəşəriyyətin, insanlığın fəxri, vüqarı kimi təqdim edilirdi. İfrat dərəcədə edilən bu tərif, tərənnüm Stalinə, sovetlərə olan sevgidən deyil qorxudan, xofdan, təhdid və təziqdən irəli gəlirdi. Bunun başqa adı varmı? Əlbəttə yox! 

 

Odur ki, 1920-1950-ci illər Azərbaycan mətbuatının, ədəbiyaytının üzərinə ölüm xofu, həbs qorxusu çökmüşdür. Yazarlar arasında dəhşətli dərəcədə inamsızlıq yaranmış, onlar bir-birinə qarşı qoyulurdu, “xalq düşməni”, “agent”, “pantürkist” axtarışında idilər. Buna səbəb qurluşun yaratdığı siyasi ab-hava idi ki, nəticədə “tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi həbsi və məhvi oldu”.     

 

  Akademik Ziya Bünyadov “Qırmızı teror” əsərində yazır ki, “məhz 1930-cu ildən 1940-cı ilin əvvəllərinə kimi 70 mindən çox Azərbaycanlı ailəsi repressiyanın qurbanı olub”. 


Heç zaman sağalmayan bu yaralar təkcə ədəbiyyatımıza, mətbuatımıza, mədəniyyətimizə zərbə vurmadı. Ən dəhşətli zərbə milli şüurumuza dəydi. Sovetlər bununla “xalqın şüurunu dəyişdi, onu tərəqqidən saxladı, mənəviyyata, tarixi-etnik düşüncəyə ağır zərbə vurdu”. Bu zərbə təbii ki, daha çox xalqa dəydi. O xalqa ki, onun adı ilə bu çirkin siyasət “alqışlandı”. Təssüflər ki, bu “alqışlayanlar” arasında dili-dini bir soydaşlarımız da var idi. Onları bu gün tarix bağışlamamalıdırmı ki, “dovür belə idi onlar da belə yazırdılar” deyərək onlara haqq qazandıraq. Qətiyyən. Əksinə. Onların bu sovet sevgisi açıqlanmalı, gənc nəslə çatdırılmalıdır ki, gənclər kimin, kim olduğunu bilsinlər. Onsuz da bunu bu gün biz etməsək də tarix edəcək və bizi bağışlamayacaq.

 

Qərənfil Dünyamin qızı

Əməkdar jurnalist

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər