00:00:00
Yazar
Admin User
24.12.2025 15:42 85 2 dəq oxuma
Sosial

Buraxılış imtahanları apreldə keçirilə bilər?

Buraxılış imtahanları apreldə keçirilə bilər?

DİM sədri buraxılış imtahanlarının mart ayında keçirilməsi ilə bağlı bəzi müəllimlərin narazılıqlarına münasibət bildirərkən qeyd edib ki, yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir:

 

“Buraxılış imtahanları kütləvi imtahanlardır. Yazı işlərinin yoxlanılması kifayət qədər vaxt tələb edir. Bizdə müəyyən sahələrdə marker müəllimlərin çatışmazlığı var. Müəllimlər bu prosesə qoşulsalar, marker müəllim sayı on minə çatsa, yoxlama prosesləri də sürətlənər”.

 

Bu mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a bildirib ki, Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, buraxılış imtahanlarının apreldə keçirilməsi hələlik real variant deyil:

 

“Hazırkı şəraitdə yoxlama prosesi uzun çəkdiyi üçün imtahanların apreldə təşkili çətin görünür. Mərkəz əsas problemi imtahanın vaxtında deyil, nəticələrin vaxtında və keyfiyyətlə yoxlanılmasında görür. Xarici ölkələrin qəbul modellərinin Azərbaycan təhsil sisteminə uyğunlaşdırılması bir sıra maneələrlə üzləşir. Bunlara təhsil sistemlərinin struktur fərqləri, qiymətləndirmə mexanizmləri, kurikulum uyğunsuzluğu, müəllim hazırlığı və infrastruktur çatışmazlığı daxildir. Xarici modellər əsasən analitik düşüncə və layihə əsaslı qiymətləndirməyə yönəlir, Azərbaycanda isə mərkəzləşdirilmiş test qiymətləndirməsinə üstünlük verilir. Məktəb qiymətləri və müəllim rəylərinin qəbul prosesində rol alması cəmiyyətdə korrupsiya riski kimi qəbul olunur, buna görə də alternativ modellərə qarşı psixoloji müqavimət mövcuddur. Normativ-hüquqi məhdudiyyətlər də xarici modellərin tətbiqini çətinləşdirir. Dövlət İmtahan Mərkəzinin kurikulum əsaslı qiymətləndirməsi obyektivliyi təmin etsə də, fərdi inkişaf tempi zəif olan şagirdlər üçün risklər yaradır. Standartlaşdırılmış tələblər və vaxt məhdudiyyəti bu şagirdlərin davamlı uğursuzluq riski ilə üzləşməsinə səbəb olur, motivasiya itkisi və özünə inamın azalması müşahidə olunur. Test yönümlü qiymətləndirmə yaradıcılıq və sosial bacarıqları kifayət qədər üzə çıxarmır. Diferensiallaşdırılmış və adaptiv dəstək mexanizmləri yetərli tətbiq olunmadıqda bu risklər daha da artır. Buraxılış imtahanlarının tarixinin dəyişdirilməsi isə həm müsbət, həm də mənfi təsir göstərə bilər. Müsbət tərəfi abituriyentlərə əlavə hazırlıq vaxtı və psixoloji rahatlıq təmin etməsidir. Mənfi tərəfi isə nəticələrin gec elan olunması, qəbul imtahanları ilə üst-üstə düşməsi və şagirdlərin əlavə stress altında qalmasıdır. Bu səbəbdən tarix dəyişiklikləri qərarları qəbul edilərkən bütün faktorlar kompleks şəkildə nəzərə alınmalıdır”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər