Buraxılış imtahanlarında yeniliklər
Bu ildən 11-ci sinif şagirdləri üçün ingilis dili fənnində bir sıra dəyişikliklər tətbiq olunacaq. Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, dərs proqramı yenilənəcək, qrammatika və leksika bölmələrində yeni mövzular əlavə ediləcək, oxu və dinləmə bacarıqlarını ölçən tapşırıqlar modernləşdiriləcək.
Mövzu ilə bağlı abituriyent Aygün Vəliyeva “İnformator.az”a açıqlamasında bildirib ki, proqramdakı dəyişikliklər hazırlığa kömək edir:
“Yeni mövzular və bacarıq yönümlü tapşırıqlar dərsləri daha praktik və maraqlı edir. Qrammatika və leksikanı real vəziyyətlərdə tətbiq etmək şansımız olur. Tapşırıqlar nəzəriyyədən daha çox oxu, dinləmə və danışıq bacarıqlarına yönəlib. Bu, biliklərimizi daha ədalətli ölçür və imtahan stresini azaldır”.
Şagirdlər arasında bu dəyişikliklər birmənalı qarşılanmır. Abituriyent Nərmin Sadıqova açıqlamasında qeyd edib ki, yeni metodlar şagirdlər üçün çətinlik yaradacaq:
“Dərs proqramında dəyişikliklər maraqlıdır, amma biz belə metodlarla hazırlaşmamışıq. Buraxılış imtahanına bir il qalıb, amma bu müddət yeni tapşırıqları tam mənimsəmək üçün kifayət etmir. Ona görə də, hər kəs bu yeniliyi hələ birmənalı qəbul edə bilmir”.
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında deyib ki, bu ildən başlayaraq ingilis dili və digər fənlər üzrə tətbiq olunacaq yeni kurikulumlar ilə bağlı müxtəlif fikirlər səslənir:
“Təhsil İnstitutunun təşəbbüsü ilə təkcə ingilis dili üzrə deyil, digər fənlər üzrə də yeni kurikulumlar tətbiq olunub. Elm və Təhsil nazirinin təşəbbüsü bu məsələdə açıq görünür. Dövlət İmtahan Mərkəzi də ingilis dili üzrə xüsusi qaydalar tətbiq edəcək və ingilis dilində imtahanlar bir qədər fərqli olacaq. Orada oxuma, anlama, yazılı və digər əlavələr var ki, onlar artıq abituriyentlər üçün elan olunub. Bu, tələbələrin yeni metodlara uyğun hazırlaşmasını təmin edəcək”.
Məzahir Məmmədli əlavə edib ki, artıq buraxılış sinifləri yeni qəbul olunmuş kurikuluma, Elm Təhsil Nazirinin təşəbbüsünə və Dövlət İmtihan Mərkəzinin tətbiq edəcəyi yeni qaydalara uyğun hazırlaşmalıdırlar.
Beləliklə, buraxılış imtahanlarında edilən yeniliklər təhsil prosesini modernləşdirir və şagirdləri gələcək çağırışlara hazırlayır.
Fatimə Hüseynli
