"Cənub-Şərqi Asiyanın xilaskarısınız" - Şahbaz Şərif Trampa
Şahbaz Şərif Hindistanla Pakistan arasında yaşanan gərginliyin ABŞ-nin vasitəçiliyi ilə səngidiyini bildirib. O, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışı zamanı qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın effektiv müdaxiləsi nəticəsində atəşkəs əldə olunub və bununla on minlərlə insanın həyatı xilas edilib. Pakistanın Baş naziri atəşkəsin uzunmüddətli olmasının vacibliyini vurğulayıb və bunun regionda sabitliyə töhfə verəcəyini bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Şahbaz Şərifin Donald Trampa təşəkkür etməsi, əlbəttə, anlaşılandır:
"Belə ki, keçən ilin may ayında Hindistan və Pakistan arasında ciddi hərbi toqquşma yaşanıb. Hindistan Pakistana qarşı təcavüzə başlayıb və layiqli cavabını alıb. Dünən isə Donald Tramp da çıxışında sətiraltı olaraq vurğulayıb ki, tərəflər təyyarələrlə döyüş aparmağa başlayıb. Məlumdur ki, bu hava hücumları nəticəsində Pakistan elə ilk anda Hindistanın beş qırıcı təyyarəsini, o cümlədən üç “Rafale” təyyarəsini sıradan çıxarıb. Əlbəttə, Donald Trampın bu məsələdə rolunun mühüm olduğunu qeyd etməliyik və məhz onun təşəbbüsü ilə tərəflər atəşkəsə razılaşıb.
Amma nəzərə alsaq ki, bu atəşkəsin uzunmüddətli olub-olmayacağı gələcək proseslərdən asılıdır. Hazırda Hindistanda hakimiyyətdə olan Modi hökuməti faktiki olaraq hind millətçilərindən ibarətdir. Və onlar həm Hindistan daxilində yaşayan 250 milyona yaxın müsəlmana qarşı diskriminasiya siyasəti həyata keçirirlər, həm də Pakistanın bir dövlət olaraq xəritədən silinməsinə çalışırlar. Tərəflər arasında münaqişənin əsas səbəbi isə Kəşmir məsələsidir. Belə ki, İngiltərənin müstəmləkəçiliyi başa çatdıqdan,Hindistan azadlıq əldə etdikdən sonra Hindistan və Pakistanla yanaşı, Kəşmir vilayətinə də öz müqəddəratını təyin etmək hüququ verilib. Lakin Hindistan bu qərardan sonra Kəşmirə müdaxilə edib və bölgə ərazisinin üçdə ikisini bu gün də işğal altında saxlayır. Məhz bu məsələ ilə bağlı Hindistan və Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş verib. Bu baxımdan münasibətlərin əsas səbəbi bir daha qeyd etdiyimiz kimi, Kəşmir məsələsidir.
Pakistan Kəşmirin azadlığını istəyir. Hindistan isə hazırda Kəşmirdə diskriminasiya siyasəti həyata keçirir və bu bölgədə bir milyona yaxın hərbçi saxlayır; faktiki olaraq ərazi tamamilə hərbiləşdirilib. Bundan əlavə, bu məsələ üzərindən Pakistana qarşı su təzyiqi göstərilir, su anbarlarının Pakistana axan hissəsi bağlanır, çayların axın istiqamətini dəyişdirməyə cəhd edilir. Bu kimi amillər tərəflər arasında ziddiyyətləri daha da dərinləşdirir.
Bu baxımdan keçən il əldə olunan atəşkəs çox vacibdir. Lakin onun uzunmüddətli olması arzuolunandır və bu, tərəflər arasında fundamental problemlərin artıq həll edildiyi anlamına gəlmir".
Reyhan Quliyeva
