Cərimələndiyinizə dair bu SMS-lərə inanmayın!
Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır.
Mövzu ilə bağlı it mütəxəssisi Natiq Məmişov “İnformator.az” a açıqlamasında bildirib ki, SMS vasitəsilə göndərilən şübhəli linklərə daxil olmamaq lazımdır:
“Mesajı göndərən nömrəni və linkin ünvanını diqqətlə yoxlamaq vacibdir. Şəxsi məlumatlar, bank kartı məlumatları və şifrələr heç bir halda paylaşılmamalıdır. Belə hallarla qarşılaşdıqda müvafiq qurumlara və ya kibertəhlükəsizlik xidmətlərinə məlumat vermək lazımdır. Rəsmi məlumatları yalnız dövlət qurumlarının rəsmi mənbələrindən yoxlamaq tövsiyə olunur. Bunlara Daxili İşlər Nazirliyinin və ya Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytları və xidmətləri, ASAN xidmət və myGov kimi dövlət elektron xidmət platformaları, həmçinin dövlət qurumlarının rəsmi mobil tətbiqləri və rəsmi portalları daxildir. Ümumilikdə, rəsmi olmayan mənbələrdə məlumat yoxlamaq və ya şəxsi və rəsmi məlumatlar daxil etmək düzgün deyil. Əks halda bank hesablarından icazəsiz pul çıxarılması və maliyyə fırıldaqları, şəxsi məlumatların oğurlanması və kimlikdən sui-istifadə, bank kartlarının və elektron hesabların üçüncü şəxslər vasitəsilə ələ keçirilməsi, həmçinin daha geniş kiberhücumlar və digər fırıldaqçılıq halları baş verə bilər”.
Selcan Xudiyeva
