CAR mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb
Cənubi Afrika Respublikasının (CAR) nüfuzlu və geniş oxucu auditoriyasına malik aparıcı xəbər saytlarından olan “Independent Online”da (İOL) tanınmış jurnalist Zingisa Mkhumanın müəllifliyi olduğu “Azərbaycanın mina problemi: siyasi məqamlar, tərəqqi və gələcək yol” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Azərbaycanın dünyanın ən ağır böhranlarından biri olan mina çirklənməsi ilə mübarizə apardığı qeyd edilib. Diqqətə çatdırılıb ki, Ermənistanın təxminən 30 il davam edən hərbi işğalından sonra ölkə azad edilmiş ərazilərində basdırılmış bir milyondan çox mina və saysız-hesabsız partlayıcı maddənin təmizləmək kimi çətin vəzifə ilə üzləşib.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, mina problemi ilə bağlı üzləşdiyimiz vəziyyətin dünya ictimaiyyətinə çatdırılması təkcə Cənubi Afrika Respublikasında və ya Afrikanın hansısa bir ölkəsində deyil, bütün qitələrdə və müxtəlif ölkələrdə həyata keçirilməlidir:
“Bu, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, mövqeyinin gücləndirilməsi və haqlı mövqeyimizin daha aydın şəkildə izah edilməsi baxımından olduqca vacibdir. Çünki dünya ictimaiyyəti hadisələrin mahiyyətini, kimin haqlı, kimin haqsız olduğunu tam anlamadıqca beynəlxalq müstəvidə nəticə əldə etmək də çətinləşir. Bu zaman hər kəsə məsələni yenidən, sıfırdan izah etmək zərurəti yaranır ki, bu da həm vaxt, həm də əlavə enerji itkisinə səbəb olur. Lakin bu kimi təşəbbüslərin sayı artdıqca, həqiqətlər daha geniş auditoriyaya çatdıqca həmin ehtiyac da azalacaq. Bu isə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və müstəqil şəxslərin ölkəmizin maraqlarının müdafiəsi istiqamətində gördükləri işlərin səmərəliliyini artıracaq. Azərbaycan dövləti bu istiqamətdə üzərinə düşən vəzifələri yerinə yetirir və məqsədə tam nail olunana qədər bu fəaliyyət davam etdiriləcək. Biz yalnız son nümunə ilə kifayətlənməməliyik. Bundan əvvəl də Latın Amerikasında, ABŞ-də, Avropa ölkələrində, Asiyada, ərəb dövlətlərində və digər bölgələrdə təkcə mina problemi deyil, xalqımızın üzləşdiyi faciələr, Qarabağ həqiqətləri və işğal dövründə baş vermiş hadisələrlə bağlı geniş məlumatlandırma işləri aparılıb. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün əməliyyatlara başlayanda bizi tənqid edənlər də var idi. Lakin bölgədəki reallıqları bilən və obyektiv qiymətləndirən insanlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyirdilər. Bu isə illər ərzində aparılan məlumatlandırma işlərinin məntiqi nəticəsi idi”.
Politoloq həmçinin bunu da qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan insanların böyük əksəriyyəti nə Azərbaycanda, nə Qarabağda olub, nə də işğal dövrünün reallıqlarını öz gözləri ilə görüb. Buna görə də həqiqətlərin onlara çatdırılması xüsusi əhəmiyyət daşıyır:
“Bu fəaliyyətlər keçmişdə də uğurlu olub, bu gün də davam edir və gələcəkdə də davam etdirilməlidir. Bəs görülən işlər kifayət edirmi? Bu suala cavab verərkən nəzərə almaq lazımdır ki, məsələ yalnız Azərbaycanın həqiqətləri çatdırması ilə bitmir. Eyni zamanda həmin mesajları qəbul edən tərəflərin buna necə yanaşması da mühüm rol oynayır. Bəzi ölkələr və siyasi dairələr israrla anti-Azərbaycan və anti-Türkiyə mövqeyi nümayiş etdirirlər. Onlara həqiqətlər dəfələrlə və bütün aydınlığı ilə çatdırılsa da, mövqelərini dəyişmirlər. Çünki burada siyasi maraqlar, qərəz və əvvəlcədən formalaşmış münasibət mövcuddur. Belə qüvvələr üçün Azərbaycanın üzləşdiyi faciələr və çəkdiyi əzablar deyil, anti-Azərbaycan və anti-Türkiyə mövqeyini qorumaq daha önəmlidir. Bu səbəbdən həmin dairələrə həqiqətləri nə qədər çatdırsaq da, çox zaman onlar bunu bilərəkdən görməzdən gələcəklər. Lakin ümumi mənzərəyə baxdıqda demək olar ki, Azərbaycanın həqiqətlərinin, xalqımızın yaşadığı faciələrin və mina təhlükəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır, bu fəaliyyət davam edir və gələcəkdə də davam etdiriləcək”.
Güllər Gülhüsynova