"Güc dilini qəbul etmirik!" – Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı ABŞ-lə dialoqa hazır olduqlarını, lakin hərbi-iqtisadi təzyiqləri və "güc dilini" qəbul etməyəcəklərini bildirib.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Məsud Pezeşkianın Amerika Birləşmiş Ştatları ilə görüşlər və dialoqla bağlı fikirləri maraq doğuran fikirlərdir və bu, faktiki olaraq İran tərəfinin davamlı şəkildə dilə gətirdiyi fikirlərin təkrarı kimi dəyərləndirilə bilər:
"Belə ki, İran tərəfi qeyd edir ki, onlar Amerikanın güc dilini qəbul etmir və bərabərtərəfli masada, danışıqlarda iştirak etməyə üstünlük verir. Tehranın gözlədiyi ilk praktiki addımlar sırasında ilk növbədə hərbi və iqtisadi təzyiq siyasətinin, iqtisadi blokadanın zəiflədilməsi dayanır. Nəzərə alsaq ki, Amerika İrana qarşı, aviadaşıyıcılarına qarşı da sanksiyalar tətbiq edib və Sentkom-un açıqladığı rəqəmlərdən məlum olduğu kimi 115 gəminin İran limanlarına daxil olmasının qarşısı alınıb, bu da İranın xarici əlaqələrinə kifayət kadar ciddi təsir edir. Tehran Vaşinqtondan ilk addım kimi məhz bu təzyiqlərin və sərt tondan ibarət ritorikanın dayandırılmasını gözləyir".
Siyasi şərhçinin fikrincə, şübhəsiz ki, hazırda vəziyyət kifayət kadar kritikdir və nəzərə alsaq ki, Donald Tramp da prezidentlik kürsüsündən İranla bağlı kifayət qədər sərt ifadələr işlədib, tərəflərin yenidən tam razılaşma əldə etməsini yaxın perspektiv üçün real hesab etmirəm. Yəni tərəflər hələlik bir-biri ilə sərt ritorikadan istifadə edirlər, yumşaq bir ton hələlik müşahidə edilmir:
"Bir tərəfdən İran Hörmüz boğazı vasitəsilə dünyanı şantaj etməyə çalışır, digər tərəfdən Amerika sanksiyaları sərtləşdirir.
Amma bütün bu gərginliyə baxmayaraq, qeyd etdiyimiz kimi dialoq da davam edir, əvvəl vasitəçilərin üzərindən və Nyu-Yorkda da bir görüş oldu, tərəflərin nümayəndələri bir araya gəlir və danışıqlar aparırlar. Prinsipcə bu danışıqlar prosesinin davam etdirilməsi mümkündür. Lakin nəticə əldə etmək üçün bu proses hələ çox zaman aparacaq və İran-Amerika münasibətləri gərgin olaraq qalacaq".
Müsahib diqqətə çatdırır ki, İran-Amerika arasında əgər razılaşma baş tutarsa, ki bunun hələlik yaxın perspektiv üçün real hesab etmir, əlbəttə ki, Yaxın və Orta Şərqə, necə deyərlər, müəyyən bir rahatlıq gələ bilər:
"Görünən odur ki, bu proses hələ çox zaman aparacaq, Amerika-İran münasibətləri gərgin olaraq qalacaq. Bu gərginliyin qalması isə təbii ki, regiona kifayət kadar təsir edir, regiondakı hərbi-siyasi balansa təsir edir, region ölkələrini müxtəlif istiqamətlərə, axtarışlara sövq edir, çünki region ölkələri artıq hesab eldirlər ki, ABŞ-nin bölgədə varlığı onların təhlükəsizliyi üçün tam təminat vermir".
Fatimə İbrahimova