Rusiyanın İspaniya, Fransa və İtaliyaya hücumu ilə bağlı xəbərdarlıq edilib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın İspaniya, Fransa və İtaliyaya mümkün dron hücumu ilə bağlı xəbərdarlıq edib.
"İnformator.az" xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” nəşri məlumat yayıb.
Avropa ölkələrinin Xarici İşlər nazirlikləri MKİ-nin direktoru Con Retkliffin Moskvaya səfərindən sonra ətraflı hesabat hazırlayıblar. Litva hökumətinin məlumatına görə, Rusiya gəmilərdən 600 kilometr uçuş məsafəsinə malik “Gerbera” tipli dronları buraxmağı planlaşdırır. Qeyd edilib ki, Rusiya dronlarla yeni hücumlara hazırlaşır, bu dəfə hədəf Aralıq dənizi ölkələridir.
Nəşrin mənbələrinə görə, İspaniya, Fransa və İtaliya hökumətlərinə də Rusiyanın bu ölkələrdən birinə mümkün dron əməliyyatına hazırlaşdığı barədə məlumat verilib.
Nəşrin sorğu apardığı bir neçə hərbi analitik Avropa ölkələrinin Xarici İşlər nazirliklərində yayılan MKİ-nin hesabatından xəbərdar olduğunu təsdiqləyib. Mənbə iddia edir ki, Rusiya əməliyyatının əsas məqsədi böyük dağıntılara səbəb olmaq deyil. Təxminən 4-5 kiloqram ağırlığında partlayıcı yük nəzərə alınmaqla, “Gerbera” daha çox hava limanlarını bağlamaq, yanğın törətmək, hərbi obyekti hədəfə almaq və ya Avropanın arxa cəbhəsinə çatmaq imkanını nümayiş etdirmək üçün istifadə ediləcək.