00:00:00
Yazar
Elmira Ağayeva
28.04.2026 18:39 17 2 dəq oxuma
Siyasət

Cevdet Yılmaz: Orta Dəhliz Türkiyənin iqtisadi və geosiyasi gücünü artırır

Cevdet Yılmaz: Orta Dəhliz Türkiyənin iqtisadi və geosiyasi gücünü artırır

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Orta Dəhliz Asiya-Avropa ticarətində strateji əhəmiyyət daşıyır və Türkiyə bu marşrutun inkişafına xüsusi önəm verir. O, artan geosiyasi risklər fonunda makroiqtisadi sabitliyin, investisiya mühitinin və istehsal gücünün vacibliyini vurğulayıb. Yılmaz həmçinin Türkiyənin investorlar üçün vergi güzəştləri təqdim etdiyini və startapların dəstəklənməsi istiqamətində yeni addımlar atılacağını qeyd edib.

 

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Orta Dəhliz layihəsi Türkiyənin xarici siyasətində və iqtisadi strategiyasında sadəcə bir nəqliyyat marşrutu deyil, həm də Ankara mərkəzli yeni bir geosiyasi reallığın qurulması prosesidir:

 

“Bu dəhlizin təhlükəsizliyini və işləkliyini təmin etmək üçün Türkiyə ilk növbədə Azərbaycan və Gürcüstanla strateji üçtərəfli əməkdaşlıq formatını ən yüksək səviyyəyə çatdırıb. Xüsusilə Azərbaycanla imzalanan Şuşa Bəyannaməsi bu təhlükəsizlik arxitekturasının təməl daşıdır. Eyni zamanda, Türkiyə Mərkəzi Asiya ölkələri, xüsusən Qazaxıstan və Özbəkistanla Türk Dövlətləri Təşkilatı çərçivəsində gömrük prosedurlarının sadələşdirilməsi, logistik infrastrukturun inteqrasiyası və rəqəmsal dəhlizlərin qurulması istiqamətində konkret siyasi razılaşmalar həyata keçirir. Bu prosesdə Azərbaycanın rolu “vazkeçilməz qovşaq” statusundadır, çünki Xəzər dənizi üzərindən keçən tranzit xətləri məhz Azərbaycanın logistik gücü sayəsində reallaşır. Mərkəzi Asiya ölkələri isə bu dəhlizin resurs bazasını və Şərq qapısını təşkil edərək Çindən gələn yük axınını Avropaya yönəltməklə öz siyasi çəkilərini artırırlar. Rusiya üzərindən keçən Şimal Dəhlizinin müharibə və sanksiyalar səbəbindən riskli hala gəlməsi Türkiyəni Avrasiyanın ən etibarlı tranzit mərkəzinə çevirir. Bu,həm Avropa İttifaqı ilə münasibətlərdə güclü ticarət rıçağı verir, həm də Türk dünyasının iqtisadi bütövləşməsinin lokomotivi kimi çıxış etməyə imkan yaradır. Beləliklə, Orta Dəhliz Ankaranın həm iqtisadi investisiya cəlbediciliyini artırır, həm də onu regionun təhlükəsizlik və ticarət balanslarını müəyyən edən əsas oyunçuya çevirərək geosiyasi ambisiyalarını reallığa çevirir”.

 

Mələk Hüseynova

#Türkiyə #Türk dünyası #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər