Cey Di Vens Olimpiadadan sonra Azərbaycan və Ermənistana səfər edəcək
ABŞ vitse-prezidenti Cey Di Vens 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimindən sonra Azərbaycan və Ermənistana səfər edəcək. ABŞ nümayəndə heyətinin fevralın 4-7-də İtaliyada olması planlaşdırılır. Heyətin tərkibində ABŞ Dövlət katibi Mark Rubio da yer alır. Qış Olimpiya Oyunlarının açılışı fevralın 6-na nəzərdə tutulur.
Səfər proqramı çərçivəsində regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. ABŞ rəsmilərinin Bakı və İrəvanda bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Mövzu ilə bağlı “İnformatоr.az”a politoloq Ramiyə Məmmədova bildirib ki, hər iki şəxs Amerika siyasətində, xüsusilə xarici işlər və dövlət rəhbərliyi səviyyəsində böyük nüfuza malikdir:
"Cey Di Vens və Rubio Trampın ən yaxın adamları sayılır. Respublikaçılar Vensin üzərində yeni prezidentlik kartı oynamaq istəyirlər. Bu səbəbdən onun dünya siyasətindəki rolu və çəkisi gələcək üçün mühüm addım hesab olunur. Hər iki şəxs Amerika siyasətində, xüsusilə xarici işlər və dövlət rəhbərliyi səviyyəsində böyük nüfuza malikdir.
Vens və Rubionun İtaliyadan sonra Azərbaycan və Ermənistana səfər etməsi regiondakı vəziyyəti nəzarətdə saxlamaq məqsədi daşıyır. Qafqaz regionu Yaxın Şərqdən sonra Amerikanın böyük maraq dairəsinə daxildir. ABŞ iqtisadi baxımdan güclənməyi və Çinlə rəqabətdə qalib gəlməyi hədəfləyir. Tramp administrasiyası Amerikanın borclarını azaltmağa və ölkəni yenidən dünyada bir nömrəli dövlətə çevirməyə çalışır. Bu istiqamətdə Venesuela, Kuba, Qrenlandiya, Kanada və Avropa İttifaqı ilə bağlı müxtəlif addımlar atılır.
Azərbaycan və Ermənistan arasındakı sülh prosesi, xüsusilə 8 avqust razılaşması Amerika üçün əhəmiyyətlidir. ABŞ bu regionda Rusiya və Çini geri plana atmaq, eyni zamanda İran və Türkiyənin təsirini tənzimləmək istəyir. Zəngəzur yolu layihəsi böyük investisiyalar və Amerika şirkətlərinin iştirakı baxımından diqqət mərkəzindədir. Burada həm iqtisadi nəzarət, həm də hərbi güc balansının yaradılması nəzərdə tutulur. Lakin Azərbaycan və Ermənistanın xarici hərbi qüvvələri və ya kəşfiyyat orqanlarını regionda qəbul edib-etməyəcəyi hələ də sual altındadır. Yaxın gələcəkdə bu görüşlərin nəticəsi olaraq yeni açıqlamaların verilməsi gözlənilir".
Aydan Əsgərxanlı
