“Çin-ABŞ rəqabəti Tailand-Kamboca münasibətlərinə də təsir edir”
Tailand və Kamboca arasında sərhəd münaqişəsi ilə bağlı aparılan danışıqlar nəticəsiz başa çatıb. Tərəflər əsas mübahisə predmetləri üzrə vahid mövqeyə gələ bilməyiblər.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, Tailand-Kamboca münaqişəsi formal olaraq kiçik bir ərazi ilə bağlı olsa da, mahiyyət etibarilə daha dərin geosiyasi səbəblərə söykənir:
“Mübahisənin mərkəzində iki ölkə üçün həm tarixi, həm də simvolik əhəmiyyət daşıyan buddist məbədi və onun ətraf əraziləri dayanır. Məhz bu məkan üzərində qarşılıqlı iddialar illərdir gərginliyi qoruyub saxlayır. Bu münaqişə vaxtilə ABŞ-nin Prezidenti Donald Trampın həll etdiyi münaqişələrindən biri kimi təqdim edilsə də, reallıqda problem aradan qalxmayıb. Əksinə, tərəflərin bu gün də əsas məsələlər üzrə razılığa gələ bilməməsi gərginliyin istənilən vaxt yenidən alovlana biləcəyini göstərir. Münaqişənin kökləri yalnız tarixi sərhəd məsələləri ilə məhdudlaşmır. Burada böyük güclərin təsiri açıq şəkildə hiss olunur. Kambocanın daxili və xarici siyasətində Çinin təsiri güclüdür, Tailand isə daha çox Qərb ölkələrinin, xüsusilə ABŞ-nin təsir dairəsindədir. Çinlə ABŞ arasında artan qlobal rəqabət bu iki qonşu ölkənin münasibətlərində də öz əksini tapır. Tərəflər arasında real və davamlı razılaşma yalnız Tailand və Kambocanın arxasında dayanan beynəlxalq güclər arasında müəyyən anlaşma əldə olunacağı halda mümkün ola bilər. Əks halda, kiçik bir torpaq sahəsi üzərində başlayan bu mübahisə regionda daha ciddi təhlükəsizlik risklərinə çevrilə bilər. Hazırkı mərhələdə münaqişənin tam həlli üçün real siyasi iradə və əlverişli beynəlxalq şərait hələ formalaşmayıb”.
Ayşə Müzəfərli
