00:00:00
Yazar
Ayan Sadi
04.09.2026 23:45 83 2 dəq oxuma
Siyasət

Çin-Azərbaycan əməkdaşlığı: Minatəmizləmə prosesi sürətlənə bilər

Çin-Azərbaycan əməkdaşlığı: Minatəmizləmə prosesi sürətlənə bilər

 

 

Çinin humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyini davam etdirməsi işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin daha sürətli aradan qaldırılmasına və bərpa prosesinin sürətləndirilməsinə mühüm töhfə verə bilər.

 

Azərbaycan üçün mina problemi postmünaqişə dövrünün əsas çağırışlarından biri olaraq qalır. Mina təhlükəsi insanların həyat və sağlamlığı üçün risk yaratmaqla yanaşı, azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin tikintisini, kənd təsərrüfatının bərpasını və infrastruktur layihələrinin həyata keçirilməsini də ləngidir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekspert Rəşad Bayramov bildirib ki, Çinlə minatəmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın texniki imkanlarının artırılması baxımından əhəmiyyətlidir:

 

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi həm humanitar, həm də iqtisadi baxımdan ciddi məsələdir. Mina təhlükəsi insanların həyat və sağlamlığı üçün risk yaratmaqla yanaşı, həmin ərazilərdə yaşayış məntəqələrinin tikintisini, kənd təsərrüfatının bərpasını və infrastruktur layihələrinin həyata keçirilməsini də ləngidir”.

 

Ekspert qeyd edib ki, 2025-ci ildə Azərbaycan və Çin arasında humanitar minatəmizləmə əməkdaşlığının gücləndirilməsinə dair memorandumun imzalanması bu istiqamətdə mühüm addım olub:

 

“Çin kimi böyük texnoloji və sənaye potensialına malik ölkənin dəstəyi Azərbaycanın müasir minatəmizləmə avadanlıqları ilə təmin olunmasına, texnologiya və təcrübə mübadiləsinə, həmçinin mütəxəssis hazırlığına əlavə imkanlar yarada bilər”.

 

Rəşad Bayramovun sözlərinə görə, müasir minatəmizləmə prosesində yalnız insan əməyindən deyil, mexaniki vasitələrdən, pilotsuz sistemlərdən və digər texnoloji imkanlardan da istifadə olunur:

 

“Azərbaycan artıq bu sahədə kifayət qədər böyük əməliyyat təcrübəsinə malikdir. Lakin qarşıda hələ böyük həcmdə iş qalır. Bu baxımdan beynəlxalq tərəfdaşların maliyyə, texniki və ekspert dəstəyi ilə prosesə daha fəal cəlb olunması minatəmizləmə əməliyyatlarının sürətini artıra bilər”.

 

Ekspert vurğulayıb ki, mina probleminin həlli ilə Qarabağ və Şərqi Zəngəzurun bərpası arasında birbaşa əlaqə mövcuddur:

 

“Ərazilər nə qədər tez təhlükəsizləşdirilərsə, həmin ərazilərdə yolların, məktəblərin, xəstəxanaların, yaşayış məntəqələrinin və iqtisadi obyektlərin tikintisinə bir o qədər tez başlamaq mümkündür. Buna görə də minatəmizləmə yalnız humanitar məsələ kimi deyil, həm də Azərbaycanın azad edilmiş ərazilərinin sosial-iqtisadi inkişafının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir”.

 

Rəşad Bayramov qeyd edib ki, Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın milli minatəmizləmə potensialının daha da gücləndirilməsinə imkan verə bilər.

 

“Beynəlxalq dəstəyin artması təhlükəli ərazilərin daha sürətli təmizlənməsinə, insanların təhlükəsizliyinin təmin olunmasına və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesinin sürətlənməsinə xidmət edəcək. Bu baxımdan Azərbaycanın Çinlə əməkdaşlığı mühüm əhəmiyyət daşıyır”.

 

Süsən Mərdalıqızı

#xəbər #gündəm #yeni #minatəmizləmə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər