00:00:00
Yazar
Aysel Mirzəyeva
14.04.2026 19:43 31 2 dəq oxuma
Siyasət

“Çin-İran yaxınlaşması regionda balansı dəyişir” - ŞƏRH

“Çin-İran yaxınlaşması regionda balansı dəyişir” - ŞƏRH

Çin ABŞ-nin elan etdiyi dəniz blokadasına baxmayaraq, Hörmüz boğazından istifadə etməyi və energetika sahəsində İranla əməkdaşlığı davam etdirəcəyini bəyan edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, gərginlik davam etdikcə Çin-İran əməkdaşlığı güclənir, ABŞ siyasəti isə mübahisə doğurur və nəticədə neft-qaz qiymətləri artır:

 

“Çin ilə savaş başlanan ilk günlərdən birbaşa olmasa da, dolayısı ilə Amerikanın yanında olduğunu dəfələrlə göstərib. Qənaətə gəldiyim nəticə ondan ibarətdir ki, İranın yanında dayanan əsas dövlət Çindir, ondan sonra isə Rusiya və digərləridir. Hesab edirəm ki, bu da təsadüfi deyil. Çünki Çin dünyada əsas rəqibi saydığı Amerikanın zəifləməsinin yeganə yolunu İran bataqlığında batmasında görür”.

 

Həmçinin ekspert qeyd edib ki, Çin bu siyasətlə öz mövqeyini gücləndirməyə çalışır:

 

“Onun üçün də düşünürəm ki, burada qeyri-adi bir şey yoxdur, öz yolunu açmaq üçün bu cür addımlar atır və xarici siyasət yürüdür. Çinin Hörmüz boğazından istifadəsi məsələsinə gəlincə, düşünürəm ki, Hörmüz boğazından istifadə edərsə, qlobal enerji təhlükəsizliyi baxımından o qədər də risklərə yol açmayacaq. Çünki Çin hazırda artıq dünyanın bir çox dövləti tərəfindən iqtisadi gücünə görə aparıcı dövlət kimi qəbul olunur. Amerikanın mümkün blokada qərarı isə beynəlxalq hüququn birbaşa pozulması kimi qiymətləndirilə bilər. Çünki Amerika artıq Trampın ikinci dönəmdə hakimiyyətə gəlməsindən sonra burada, mənim fikrimcə, Bağdadda kor xəlifə siyasəti yürüdür”.

 

Son olaraq ekspert vurğulayıb ki, gərginliyin uzanması enerji bazarına birbaşa təsir edir:

 

“Son olaraq bir ölkənin prezidentinin, yəni Maduronun gecə ilə həyat yoldaşı ilə birlikdə başına torba keçirilərək Amerikaya gətirilməsi beynəlxalq hüququn birbaşa pozuntusu idi. Hesab edirəm ki, belə bir mümkün blokada qərarı çıxarılarsa, bu heç bir halda beynəlxalq hüquqa və dəniz nəqliyyatı prinsiplərinə uyğun gələ bilməz. Çinin isə İranla enerji əməkdaşlığına gəlincə, təbii ki, bu, regionda qüvvələr balansının müəyyən qədər dəyişməsinə səbəb ola bilər. Çünki Çin sıradan bir ölkə deyil, əvvəl dediyim kimi, iqtisadi baxımdan aparıcı dövlətlərdən biridir. Hətta qeyri-rəsmi məlumatlara görə, Çin iqtisadiyyatına görə Amerikanı belə ötüb keçib. Ona görə də, Çin bu regionda iqtisadi baxımdan irəliləmək istəyirsə, bunu müəyyən mənada normal qarşılamaq lazımdır. Bu gərginliyin baş verdiyi zamanlarda dünyada neft və qazın qiymətinə necə təsir etdiyini gördük və bu gün də onun şahidi oluruq. Neftin qiyməti sürətlə ya qalxır, ya da orta səviyyəyə düşür. Amma savaşdan əvvəlki qiymətlərlə müqayisədə xeyli yüksəkdə olduğu açıq şəkildə görünür. Ona görə də, hesab edirəm ki, bu gərginlik uzunmüddətli davam edərsə, davam etdiyi hər müddətdə neft və qazın qiymətinin birbaşa artmasına səbəb olacaq”.

Arzu Poladova

#regionda #gündəm #baki #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər