Çin İrana dəstək verməyəcək- ŞƏRH
Çin Prezidenti Si Szinpin Pekinin Tehrana hərbi yardım göstərməyəcəyinə zəmanət verib.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp “Fox News” agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, Çin tərəfinə bundan sonra hərbi dəstək olmayacaq:
“Amma Çinin bəyanatında belə bir hala rast gəlmədim. Yəni, Çin tərəfi Hörmüz boğazının militarizasiyasının yolverilməzliyini bildirir, tezliklə müharibənin sona çatmasını və Hörmüz boğazının açılmasını istəyir. Məhz bu da yeni bir mövqe deyil. Çin hər zaman bunu istəyib və regionda münaqişənin olmasını təhlükəli hesab edib. Çünki bundan təkcə birbaşa iştirakçılar deyil, dünyanın çox sayda ölkələri əziyyət çəkir. Hesab edirəm ki, Tramp sadəcə olaraq bu vasitə ilə yenidən Çini ehtiyatlandırır. Bəlkə də bu, xəbərdarlıq xarakteri daşıyır ki, Çin İrana dəstək olmasın. Bu, həm də o fikri formalaşdırır ki, medianın görmədiyi, eşitmədiyi məqamlar da müzakirə olunub və Tramp orada Çin rəhbərini öz təsiri altına sala bilməyib”.
Politoloq qeyd edib ki, ABŞ-nin son illərdə Çindən tələbləri İrandan və Rusiyadan uzaqlaşmağı və ABŞ-nin maraqlarına uyğun davranmasıdır:
“Amma Çin bunu etmədi. Bu gün Çin həm Rusiya, həm də İranla kifayət qədər yaxın münasibətlərə sahibdir. Çin yerləşdiyi regionda region ölkələri ilə əməkdaşlığın genişləndirilməsini strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Yəni, iqtisadi əlaqələrin region ölkələri ilə əsasən şaxələndirilməsi Çin üçün prioritetdir. Sözsüz ki, nə Rusiya ilə, nə də İranla, yaxud da digər region ölkələri ilə Çin əlaqələrini davam etdirəcək. Çünki bu onun bugünkü maraqlarına cavab verir. Çin münaqişənin bitməsini və Hörmüz boğazının tezliklə əvvəlki qaydada fəaliyyət göstərməsini hər zaman istəyir. ABŞ Prezidenti Donald Trampla görüşü zamanı da Çin Xalq Respublikasının rəhbəri Si Cinpin məhz bu mövqeyini bildirib. Tramp eyni zamanda münaqişənin aradan qaldırılmasında da dəstəkçi ola biləcəyini bildirib. Düşünmürəm ki, Çin bu münaqişə vəziyyətlərində açıq şəkildə hansısa bir rola sahib olmaq arzusunda olsun. Yəni, bu, Çinin prioritetləri ilə çox da uyğun gəlmir. Müəyyən bir dəstək olarsa, Çin mövqe nümayiş etdirə bilər. Həlledici rolla bağlı niyyətini bildirməsi çox da inandırıcı gəlmir.Bu baxımdan, əgər Çinin İrana hərbi dəstəyi mövcud olubsa, bundan sonra da davam edəcəkdir. Həm də unutmaq olmaz ki, müharibə başlayana qədər Çinin enerji daşıyıcılarına olan tələbatını əsasən İran ödəyirdi və bu baxımdan həm İran ətrafında hərbi gərginliyin, həm də Hörmüz boğazının qeyri-funksional qalması Çinin nə siyasi, nə də iqtisadi maraqlarına cavab verir. Sadəcə olaraq ABŞ Prezidenti Donald Tramp ola bilsin ki, bir dəfə də məsafədən Çinə öz istəyini yönləndirmiş olsun. Amma Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə bir məqam öz əksini tapmır”.
Nurgün Qənizadə